.jpg)
BAKI, 7 fevral. TELEQRAF
Bakı şəhərinin 210 nömrəli tam orta məktəbində təhsil alan şagirdə üçbucaq, kvadrat, dairə şəkilləri çəkilən və rus dilində “Mənə yaz” cümləsi olan kağız verilib.
Teleqraf-ın xəbərinə görə, bu barədə Nurlan Mirəli adlı vətəndaş sosial şəbəkə hesabında yazıb: "Bakı şəhəri 210 nömrəli tam orta məktəbində bu gün V sinifdə oxuyan qızıma və onun sinif yoldaşlarına böyük siniflərdən iki qız uşağı yaxınlaşaraq belə bir vərəq veriblər. Vərəqin bir üzünə mobil nömrə qoyulub, digər üzündə isə bir oyunun loqosu əks olunub və rusca "mənə yaz" (напиши мне) sözləri yazılıb".
Nurlan Mirəli hadisədən narahat olduğunu da gizlətməyib: "Bu oyunu Google-da araşdırdım dünyada geniş yayılıb və uşaqlar arasında intihar edənlər belə olub. Nömrəyə bir neçə dəfə zəng vurduq səsimizi eşidib söndürürlər. Xahiş edirəm məsələni nəzarətə götürün”.
Araşdırmamıza görə, kağızdakı işarələr "Netflix" istehsalı olan və 2024-cü ilin dekabrında ikinci sezonu yayımlanan Cənubi Koreyanın "Kalmar oyunu" (Squid game) serialına aiddir. Böyük mükafat uğrunda yarışan iştirakçıların ancaq biri oyunda qalib olur, digərləri isə fiziki olaraq məhv edilir. Məktəbdə paylanılan kağızlar kim serialın ilk seriyasında metro stansiyalarda (üçbucaq, kvadrat və dairə şəkilləri və telefon nömrəsi olan kağızlar) kağızlar paylanılır. Oyunda iştirak etmək istəyənlər isə bu nömrələrə zəng vuraraq qeydiyyatdan keçirlər.
Serial 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulsa da, bütün dünya ölkələrində xüsusilə uşaqlar və yeniyetmələr arasında populyardır. "Kalmar oyunu" "Netflix" tarixinin ən çox izlənilən serialıdır. Serialın uşaqlar üçün ziyanlı olduğu psixoloq və pedaqoqlar tərəfindən dəfələrlə vurğulanıb. Buna baxmayaraq, serialın izləyiciləri arasında intihar halı qeydə alınmayıb.