BAKI, 16 dekabr. TELEQRAF

“Azərbaycan həmkarlar ittifaqları üzvlərinin sayı 1 milyondan çoxdur”

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Sahib Məmmədov deyib.

O bildirib ki, üzvlərin 50,4 faizini qadınlar, 49,6 faizini isə kişilər təşkil edir:

“Seçkili orqanlarımızda qadınların təmsilçiliyi 56 faizi ötüb. Bu, həmkarlar ittifaqlarında qadınların rolunun və ictimai fəallığının daha da artdığını göstərir.

Əsas prioritet istiqamətlərimizdən biri də gənclərin sıralarımıza daha fəal qoşulması, onlara təşkilati işin metod və prinsiplərinin öyrədilməsi, həmkarlar ittifaqları hərəkatında yeni lider nəslinin formalaşdırılmasıdır”.

Həmçinin qeyd edilib ki, üzvlərin 20 faizdən çoxu gənclərdir:

“Həmkarlar ittifaqları təşkilatlarında çalışanların isə 11,9 faizini gənclər təşkil edir”.

Bu il verilən yollayışların sayı da açıqlanıb.
Vurğulanıb ki, bu ilin ötən dövründə 38 mindən artıq yollayış verilərək 76 mindən çox vətəndaş güzəştli şərtlərlə istirahət və müalicəsi təşkil edilib.