BAKI, 24 sentyabr. TELEQRAF
Hazırda iqtisadiyyatın müxtəlif sahələri üzrə 1400 peşə və kvalifikasiya standartı hazırlanaraq işəgötürənlərin istifadəsinə verilib.
Teleqraf xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “Dəyişən İş Dünyasında İnnovativ Əmək və Məşğulluq Strategiyaları: Qlobal Çağırışlar – Milli Həllər” mövzusunda keçirilən tədbirlərdə deyib.
Nazir bildirib ki, işçilərin bacarıqlarının inkişaf etdirilməsi, onlara “yaşıl iqtisadiyyat” konsepsiyasına uyğun olaraq “yaşıl bacarıqlar”ın öyrədilməsi müəssisədaxili məsələdən əlavə, həm də hökumətin əmək bazarı siyasətinin tərkib hissəsidir.
"Müasir çağırışlara uyğun əmək qanunvericiliyinə edilmiş son dəyişikliklər işçilərin hüquqlarının daha səmərəli müdafiəsinə, bu sahədə çevikliyin artırılmasına imkan yaratmaqla, həmçinin işçilərin hüquqları ilə bağlı işəgötürənlərin öhdəliklərini icra etmələrini stimullaşdırır. Səriştələr əsasında hazırlanmış peşə standartlarının tətbiqi milli işçi qüvvəsinin rəqabətqabiliyyətliliyinin və əmək məhsuldarlığının artırılması, onun beynəlxalq əmək bazarına inteqrasiyası üçün əsas alətdir", - nazir əlavə edib.