BAKI, 28 oktyabr. TELEQRAF

“Maraqlar toqquşması haqqında” qanun layihəsində dövlət vəzifəli şəxslərinin fəaliyyətində şəffaflığın artırılması, dövlət və ictimai maraqların qorunması, eləcə də korrupsiya risklərinin azaldılması ilə bağlı bir sıra müddəalar əksini tapıb.

Teleqraf xəbər verir ki, layihəyə əsasən, vəzifəli şəxslər şəxsi maraqlarının xidməti vəzifələrinin icrasına təsir göstərməsinə yol verməməli, belə halların yaranmasına şərait yaratmamalıdırlar.

Sənəddə maraqlar toqquşmasının qarşısının alınması üçün bir sıra tədbirlər nəzərdə tutulur. Bunlara aktivlərin özgəninkiləşdirilməsi, konkret iş üzrə qərar qəbulunda iştirakdan imtina, qanunla müəyyən edilmiş məhdudiyyətlərə zidd təkliflərin rədd edilməsi və zəruri hallarda vəzifədən azad olunmaq üçün müraciət edilməsi daxildir.

Layihədə maraqlar toqquşması real, potensial və təəssürat yaradan olmaqla fərqləndirilir. Bu yanaşma yalnız mövcud ziddiyyətlərin deyil, gələcəkdə yarana biləcək risklərin də əvvəlcədən müəyyən edilməsinə xidmət edir.

Sənədə əsasən, vəzifəli şəxs xidməti vəzifələri ilə şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyini müəyyən etdikdə bu barədə müvafiq səlahiyyətli subyektlərə məlumat verməlidir.

Qanun layihəsinin əsas məqsədlərindən biri vəzifəli şəxslərin qərarlarının şəxsi maraqlardan deyil, dövlət və ictimai mənafedən irəli gəlməsini təmin etməkdir.