XANKƏNDİ, 11 sentyabr. TELEQRAF

Xankəndi şəhərində artıq 28 min insan yaşayır.

Teleqraf-ın Qarabağa ezam olunmuş müxbiri xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzini ziyarət edən diplomatik korpus nümayəndələrinə müraciətində deyib.

Elçin Yusubov bildirib ki, Xankəndidən məcburi köçkün olmuş əhalinin şəhərə qayıdışı davam edir:

“Hazırda Xankəndidə 3 000-dən çox tələbə məskunlaşıb və təhsil alır. Bu göstərici şəhərin ümumi əhalisinin 10 faizindən çoxunu təşkil edir”.

Prezidentin xüsusi nümayəndəsi Xankəndidə aparılan genişmiqyaslı şəhərsalma və yenidənqurma işlərini də diqqətə çatdırıb:

"Şəhərdə yeni yaşayış binaları, parklar inşa olunur, müasir tələblərə cavab verən yollar salınır. Bununla yanaşı, Xankəndinin ümumi görünüşünə və müasir şəhərsalma standartlarına cavab verməyən tikililərin sökülməsi prosesi sürətləndirilib, müasir layihələrin inşası ilə bağlı hazırlıq işlərinə başlanılıb".