BAKI, 15 iyul. TELEQRAF

Azərbaycan Prezidenti İlham Əliyev “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Teleqraf xəbər verir ki, edilən dəyişikliklə uşaq hüquqlarının qorunması və dövlət nəzarətinin gücləndirilməsi prosesinə prokurorluq orqanları da rəsmən daxil edilib.

Fərmana əsasən “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın 2-ci hissəsinə 2.9-cu bənd əlavə edilib. Yeni qaydalara görə prokurorluq qanunla müəyyən edilmiş hallarda uşaqların hüquq və qanuni mənafelərini məhkəmədə müdafiə edəcək, dövlət qurumlarına müraciət edərək məhkəmədə iddia qaldıra biləcək. Eyni zamanda uşaqlarla bağlı cinayət işləri və inzibati xəta haqqında işlər üzrə qanunla müəyyən edilmiş hallarda və qaydada qanunların icrasına nəzarəti həyata keçirəcək.

Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 72.2-ci və 116-1.5-ci maddələrinin birinci cümlələrinə uyğun olaraq, prokurorluq uşağın sağlamlığının və ya həyatının birbaşa təhlükədə olması ilə bağlı qəyyumluq və himayəçilik orqanlarının və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına baxmalı və qanunda nəzərdə tutulmuş tədbirləri görməlidir.