BAKI, 13 iyul. TELEQRAF
Azərbaycan Prezidenti İlham Əliyev Monteneqro Prezidenti Yakov Milatoviçə təbrik məktubu ünvanlayıb.
Teleqraf xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
13 İyul – Dövlətçilik Günü münasibətilə Sizi və Monteneqro xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Xoş ənənələr üzərində qurulan Azərbaycan-Monteneqro dövlətlərarası əlaqələrinin, qarşılıqlı anlaşmaya və hörmətə əsaslanan tərəfdaşlığımızın möhkəmlənməsi məmnunluq doğurur. Siyasi əlaqələrimizin yüksək səviyyəsi bütün sahələrdə, xüsusilə də iqtisadi-ticari, enerji, sərmayə qoyuluşu, turizm və digər istiqamətlər üzrə əməkdaşlığımızı daha da genişləndirmək üçün yaxşı zəmin yaradır.
İnanıram ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Monteneqro arasında əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı fəaliyyətimizin genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monteneqro xalqına daim əmin-amanlıq və rifah arzulayıram".