BAKI, 18 iyun. TELEQRAF

Azərbaycan qlobal enerji arenasında mühüm aktora çevrilərək, Avrasiya boyunca ölkələri birləşdirən irimiqyaslı infrastrukturların təşəbbüskarı və icraçısı olub.

Teleqraf xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarında çıxışı zamanı deyib.

Xüsusilə indiki dövrdə enerji təchizatı zəncirlərinin həssas olduğunu deyən dövlət başçısı, enerji təhlükəsizliyinin hər bir ölkənin milli təhlükəsizliyinin əsas amillərindən birinə çevrildiyini vurğulayıb. O qeyd edib ki, düzgün qurulan investisiya siyasəti Xəzər dənizini Aralıq və Qara dənizlə, eləcə də Avropa bazarları ilə birləşdirən nəhəng boru kəmərlərinin inşasına şərait yaradıb:

“Bu, həqiqətən də böyük səylər tələb edirdi: diplomatiya, siyasi təmaslar, qonşularla və qonşularımızın qonşuları ilə yaxşı münasibətlər, maliyyələşdirmə, yaxşı nüfuz və dayanıqlı iqtisadiyyat. Məhz bu amillərin kombinasiyası Azərbaycana indi mühüm enerji tədarükçülərindən biri olmağa imkan verdi”.

Ölkəmizin qaz ixracatındakı lider mövqeyini rəqəmlərlə diqqətə çatdıran İlham Əliyev sonda əlavə edib: “Təbii qazın tədarükünə gəlincə, bu gün Azərbaycan boru kəmərləri ilə qaz təchizatının coğrafiyası baxımından birinci yerdədir. Biz 16 ölkəyə təbii qaz nəql edirik və bu rəqəm ildən-ilə artır və artmaqda davam edəcək”.