BAKI, 18 iyun. TELEQRAF
Azərbaycan uzun illərdir bir çox mühüm qlobal və regional tədbirlərə uğurla ev sahibliyi edən mərkəzə çevrilib.
Teleqraf xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində bəyan edib.
Ölkəmizin beynəlxalq tədbirlər təqviminə nəzər salan dövlət başçısı bildirib:
“Biz İslam İnkişaf Bankı Qrupunun 2010-cu il illik iclasından bəri bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən ölkə olmuşuq. Son dövrlərdəkilərdən, 2024-cü ildə keçirilən və diqqətəlayiq nəticələrlə yadda qalan uğurlu COP29-u qeyd edərdim”.
Prezident həmçinin yaxın keçmişdə mühüm bir zirvənin də Bakıda təşkil olunduğunu xatırladıb:
“Ötən may ayında böyük beynəlxalq toplantılardan biri olan Ümumdünya Şəhərsalma Forumu da Azərbaycanda uğurla keçirildi və qarşıda hələ bir çoxları var. Beləliklə, bu, fəaliyyətimizin çoxşaxəli gündəliyini növbəti dəfə nümayiş etdirir”.