BAKI, 24 may. TELEQRAF

Qlobal miqyasda mürəkkəb geosiyasi proseslərin yaşandığı bir zamanda Azərbaycanın ortaya qoyduğu siyasi qətiyyət, qazandığı nəaliyyətlər və beynəlxalq aləmdə artan nüfuzu xüsusi əhəmiyyət kəsb edir. Dünya ölkələri Azərbaycanı güclü siyasi iradəyə, müasir inkişaf modelinə, milli həmrəyliyə və qlobal təşəbbüslər irəli sürən lider dövlətə çevrilmiş ölkə kimi tanıyır. Bütün bunların əsasında Möhtərəm Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli liderliyi və milli maraqlara söykənən strateji idarəçilik modeli dayanır.

Bunu Teleqraf-a Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Günay Ağamalı deyib.

O qeyd edib ki, Prezident İlham Əliyev dövlət rəhbəri kimi fəaliyyətə başladığı ilk gündən Azərbaycanı gələcəyin çağırışlarına uyğun inkişaf etdirən siyasi kurs formalaşdırdı:

“Sözügedən siyasətin əsasını güclü dövlətçilik, milli maraqların qorunması, iqtisadi müstəqillik, sosial rifah və beynəlxalq nüfuzun artırılması təşkil edir. Məhz bu strateji baxış nəticəsində Azərbaycan regionun aparıcı dövlətinə, söz sahibi olan siyasi mərkəzə çevrilib. Bu gün ölkəmiz beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, təhlükəsizlik və sabitlik adası kimi qəbul olunur.

Prezident İlham Əliyevin liderlik xüsusiyyətlərindən danışarkən ilk növbədə dövlət başçımızın qətiyyətini, siyasi iradəsini və milli maraqlar qarşısında nümayiş etdirdiyi prinsipial mövqeyi xüsusi vurğulanmalıdır. Ölkə rəhbərimiz illərlə aparılan təzyiqlərə, ikili standartlara və siyasi maneələrə baxmayaraq Azərbaycanın milli maraqlarını ən yüksək səviyyədə qorumağı bacardı. Prezident həm diplomatik müstəvidə, həm iqtisadi sahədə, həm də ordu quruculuğu istiqamətində ardıcıl və sistemli siyasət həyata keçirərək ölkəmizi tarixi Zəfərə hazırladı.

44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfər Cənab Prezident İlham Əliyevin liderlik keyfiyyətlərinin və strateji idarəçilik modelinin ən böyük təntənəsi oldu. Zəfər əldə olunmasında illərlə həyata keçirilən düşünülmüş siyasət, güclü iqtisadiyyat, müasir ordu quruculuğu, beynəlxalq müstəvidə aparılan uğurlu diplomatiya və xalq-iqtidar birliyi dayanırdı. Cənab Prezident İlham Əliyev Ali Baş Komandan, eyni zamanda siyasi lider kimi xalqımızın milli qürurunu bərpa etdi, ölkəmizin ərazi bütövlüyünü təmin etdi və tarixi ədaləti bərpa edən xilaskar kimi adını xalqımızın şanlı tarixinə yazdı”.

Deputat bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın gücünü, potensialını və gələcəyə hesablanmış dövlət siyasətini nümayiş etdirir:

“İşğal dövründə tamamilə dağıdılmış şəhər və kəndlər qısa müddət ərzində dünyanın ən müasir yaşayış məkanlarına çevrilir. Qarabağ və Şərqi Zəngəzurda müasir yollar, tunellər, körpülər, hava limanları, enerji infrastrukturu, sosial obyektlər, məktəblər, xəstəxanalar və yaşayış kompleksləri inşa edilir. Ağıllı şəhər və ağıllı kənd layihələri Azərbaycanın yeni inkişaf modelinin simvoluna çevrilib.

Bütün bunlar onu göstərir ki, Azərbaycan müharibədə qalib gələn, post müharibə dövründə quruculuq işlərini uğurla həyata keçirən güclü dövlətdir. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri dünyaya mesaj verir. Azərbaycan 30 il ərzində viran qoyulmuş torpaqları qısa müddətdə dirçəldərək inkişaf məkanına çevirən nadir dövlətlərdəndir.

Azərbaycanın beynəlxalq nüfuzunun artmasının mühüm göstəricilərindən biri də ölkəmizin mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsidir. Bakı qlobal siyasi dialoqun, beynəlxalq əməkdaşlığın və mühüm təşəbbüslərin müzakirə olunduğu əsas platformalardan birinə çevrilib. Dünyanın müxtəlif ölkələrindən dövlət rəsmilərinin, siyasətçilərin, ekspertlərin və ictimai xadimlərin Azərbaycana gəlməsi ölkəmizə olan yüksək etimadın göstəricisidir”.

Partiya sədri hesab edir ki, son illərdə keçirilən beynəlxalq tədbirlər, qlobal forumlar, enerji, humanitar və şəhərsalma məsələlərinə həsr olunmuş mötəbər toplantılar Azərbaycanın təşkilatçılıq imkanlarını və diplomatik nüfuzunu bir daha ortaya qoyur:

“Dünya Azərbaycanı təhlükəsiz, müasir, inkişaf edən və beynəlxalq əməkdaşlığa töhfə verən dövlət kimi qəbul edir. Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik siyasətinin nəticəsidir.

Günümüzdə dünya dövlətləri Azərbaycanın timsalında qalib və qurucu dövlət modelini görür. Azərbaycan regional sərhədləri aşaraq beynəlxalq proseslərə təsir edən güclü siyasi mərkəzə çevrilib. Ölkəmiz ən qüdrətli, ən nüfuzlu və ən şərəfli dövrünü yaşayır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qarşıdakı illərdə də yeni-yeni uğurlara imza atacaq, regionda və dünyada mövqeyini daha da möhkəmləndirəcəkdir”.