BAKI, 30 aprel. TELEQRAF
"Prezident İlham Əliyevin sel və daşqınların təhlükəli nəticələrinin aradan qaldırılması ilə bağlı imzaladığı sərəncam dövlət-vətəndaş münasibətlərinin mahiyyətini ortaya qoyur. Sərəncam insanların taleyinə həssas yanaşmanın, operativ idarəçiliyin təzahürüdür".
Teleqraf xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı deyib.
O qeyd edib ki, təbii fəlakət nəticəsində zərər çəkmiş insanların problemlərinə dərhal reaksiya verilməsi Azərbaycan dövlətinin vətəndaşlara həssaslıqla yanaşmasının göstəricisidir:
“Ayrılan vəsaitin əsas məqsədi insanların həyat şəraitinin yenidən qurulması, onların təhlükəsizliyinin və sosial rifahının təmin olunmasıdır. Fərdi yaşayış evlərinin tikilməsi, yolların, elektrik və su xətlərinin bərpası, kompensasiya ödənişlərinin həyata keçirilməsi dövlətin həyata keçirdiyi sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayandığının ifadəsidir.

Dünyanın bir çox ölkələrində oxşar təbii fəlakətlərdən sonra insanlar aylarla yardım gözləyir, bəzən verilən dəstək problemin miqyası ilə müqayisədə çox zəif olur”.
Deputat bildirib ki, ölkəmizdə cənab Prezidentin tapşırığı ilə bütün məsələlərə çevik reaksiya verilir, zəruri maliyyə resursları dərhal ayrılır və aidiyyəti qurumlar operativ şəkildə prosesə qoşulur:
“Bu yanaşma dövlət idarəçiliyində çevik və məsuliyyətli idarəetmənin aydın təcəssümüdür. Eyni zamanda sərəncam gələcəyə hesablanmış strateji yanaşmanı özündə ehtiva edir. Drenaj və suötürücü sistemlərin yenilənməsi, riskli ərazilərdə qabaqlayıcı tədbirlərin görülməsi iqlim dəyişikliklərinin yaratdığı təhlükələrə qarşı Azərbaycanın dayanıqlılıq imkanlarını artırır. Görülən işlər gələcəkdə baş verə biləcək daha böyük fəsadların qarşısını almağa xidmət edir. Dövlətimizin siyasətinin əsasında insan amili və vətəndaş məmnunluğu dayanır”.