BAKI, 1 aprel. TELEQRAF
"Ermənistanda yayda keçiriləcək parlament seçkiləri ilə bağlı gərginlik yaşanır. Faktiki olaraq, bu ölkədə Baş nazir Nikol Paşinyana qədər hakimiyyətdə olmuş qüvvələr ancaq absurd iddialarla çıxış ediblər. Vaxtilə də Ermənistana aid olmayan torpaqlar bəzi kənar güclərin dəstəyi ilə işğal edildi. Həmin dövrdə isə Ermənistanda xalq çətin durumla üzləşib və nəticədə ölkədən çıxanların sayı çoxalıbdır. 1991-ci ildə 3,5 milyon əhalisi olan Ermənistanda bu gün 2,5 milyon nəfər var. Əgər ölkədə həmin dövrdən başlayan çətinliklər olmasaydı, bu gün Ermənistanda əhalinin 7 milyona qədər olacağı labüd idi".
Bu sözləri Teleqraf-a Türkiyənin Azərbaycandakı keçmiş səfiri, "İMZA" Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.
Sabiq səfir bildirib ki, 2018-ci ildə hakimiyyətə gələn Nikol Paşinyan isə bir çox reallıqları dərk etməkdə çətinlik çəkirdi:
“O da sələfləri kimi kimi eyni siyasəti davam etdirmək niyyətində idi. Amma, 2020-ci ilin 27-i sentyabrında başlayan və 44 gün davam edən müharibə nəticəsində Paşinyan Azərbaycanın gücünü gördü. Məhz bundan sonra o da reallıqları qəbul etmək məcburyyətində qaldı. Beləliklə, o da Ermənistanın 29 min kv/km olduğunu bəyan etdi. Eyni zamanda Ermənistanın baş naziri kimi Qarabağın Azərbaycan ərazisi olduğu faktını da bəyan etməli oldu. Bununla da Azərbaycanla Ermənistan arasında yeni bir dövr başladı. Nəticədə, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişi paraflandı”.

Hulusi Kılıç hesab edir ki, hazırda sülh üçün yeganə maneə Ermənistan konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddialarıdır:
“Ermənistan tərəfi bu iddiaları da aradan qaldırarsa, Azərbaycanla yekun sülh sazişinin imzalanması mümkün olacaq. Hazırda isə Ermənistan cəmiyyəti yayda keçiriləcək parlament seçkilərinə hazırlaşır. Azərbaycanla Ermənistan arasında əldə edilən razılaşmalar fonunda bir sıra addımlar atılır. Azərbaycan ərazisindən Ermənistana neft və digər məhsulların daşınması təmin olunur. Sözsüz ki, bu kontekstdə erməni cəmiyyəti Azərbaycanla imzalanacaq sülh sazişinin nəticəsi olaraq, Türkiyə ilə də münasibətlərin bərpa olunması, onun gətirəcəyi reallıqları görməsi vacibdir. Türkiyə ilə əlaqələrin normallaşması erməni xalqı üçün daha faydalı olacaq”.
“Qarşıdakı parlament seçkilərində erməni xalqının yenidən Paşinyana dəstək verməsi daha məqbul olardı. Çünki məhz onun iştirakı ilə başlayan bir proses var ki, bu öz məntiqi sonluğuna çatmalıdır. Sözsüz ki, Ermənistanda bunun əksinə olan qüvvələr var, onlar Azərbaycanla formalaşmış sülh prosesini pozmaqda maraqlıdır. Bu halda isə Ermənistanın itkiləri daha çox olacaq. İndiki reallıqlara qarşı çıxmaq onlar üçün böyük fəlakətlərə yol açacaq. Azərbaycan və Türkiyə Ermənistanla münasibətlər qurmadan da inkişaf edə bilir. Ermənistanın isə belə bir imkanı yoxdur. Erməni xalqı bunu dərk etməlidir. Təhlükə hər zaman var və Ermənistanın gələcəyini sual atmaq olmaz”, - sabiq diplomat əlavə edib.