BAKI, 19 mart. TELEQRAF
"Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi əməliyyat nəticəsində Prezidentin ailəsini şantaj edən şəxs saxlanılıb. Məlum olub ki, Prezidentin gəlini Alena Əliyeva haqqında sosial şəbəkələrdə məqsədli və xoşagəlməz məlumatlar yayılıb. Bu hadisə yalnız fərdi hücum kimi qiymətləndirilə bilməz. İndiki halda bu addımlar dövlətin nüfuzuna, ictimai sabitliyə və informasiya təhlükəsizliyinə yönəlmiş daha geniş strateji prosesin tərkib hissəsi kimi çıxış edir".
Bu sözləri Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib.
O qeyd edib ki, Azərbaycan xanımı və Milli Məclisin deputatı olaraq, belə halları həm milli təhlükəsizlik, həm də hüquqi baxımdan ciddi təhdid kimi qiymətləndirirəm:
“Prezident ailəsinə qarşı aparılan şantaj və manipulyativ kampaniyalar ölkənin siyasi-iqtisadi sabitliyinə, eləcə də ictimai etimada birbaşa təsir göstərir. Bu cür halların arxasında duran motivlər yalnız şəxsi maraqlardan deyil, bəzən xarici müdaxilələr və geosiyasi maraqlardan irəli gəlir. Sosial media və digər rəqəmsal platformalar bu cür hücumların sürətlə yayılmasına imkan verir. Koordinasiyalı şəkildə idarə olunan saxta hesablar, dezinformasiya və manipulyativ paylaşımlar ictimai rəyin yönləndirilməsində təsirli alətə çevrilir. Bu isə dövlətin informasiya təhlükəsizliyi sahəsində prioritet tədbirlər görməsini zəruri edir”.

Deputatın sözlərinə görə, bu hadisə bir daha göstərir ki, qarayaxma və şantaj xarakterli fəaliyyətlərin qarşısının alınması üçün hüquqi mexanizmlərin sərtləşdirilməsi, məsuliyyətin konkretləşdirilməsi və hüquq-mühafizə orqanlarının effektiv fəaliyyəti vacibdir:
“Eyni zamanda, cəmiyyətin məlumatlandırılması və obyektiv araşdırmaların şəffaf şəkildə təqdim olunması ictimai etimadın qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Prezidentin ailəsinə qarşı yönəlmiş şantaj və qarayaxma kampaniyaları yalnız fərdi reputasiyaya hücum kimi qiymətləndirilməməlidir. Bu, milli təhlükəsizliyin və dövlətçilik maraqlarının müdafiəsi baxımından strateji önəm daşıyan məsələdir və kompleks yanaşma tələb edir. Hüquqi, institusional və informasiya müstəvisində həyata keçiriləcək tədbirlər bu kimi halların qarşısını effektiv şəkildə alacaq və ictimai sabitliyi qoruyacaqdır”.