BAKI, 7 mart. TELEQRAF
ABŞ-nin sabiq prezidenti Co Bayden Rusiya və Çin liderləri barədə çoxlarının bildiyindən daha çox məlumatı unutduğunu bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Bayden ABŞ-də vətəndaş hüquqları fəalı Cessi Ceksonun dəfn mərasimində çıxışı zamanı danışıb.
83 yaşlı sabiq prezident çıxışında digər dövlət rəhbərləri ilə şəxsi tanışlığını vurğulayaraq bildirib ki, bu baxımdan ABŞ tarixindəki prezidentlərin əksəriyyətindən daha geniş təcrübəyə malikdir.
“Mən ABŞ tarixində digər prezidentlərdən daha çox dövlət başçısını şəxsən tanıyıram. Bu o deməkdir ki, başqa ölkələr haqqında çox şey bilirəm. Məsələ ondadır ki, mən Rusiya prezidenti Vladimir Putin və Çin sədri Si Cinpinin nə etdikləri barədə çoxlarının bildiyindən daha çox şeyi artıq unutmuşam. Mən Putinlə görüşmüşəm”, – deyə Bayden bildirib.
Qeyd edək ki, Cessi Cekson 1960-cı illərdə ABŞ-də afroamerikalıların vətəndaş hüquqları uğrunda hərəkatın fəallarından biri olub. O, Martin Lüter Kinqin yaxın silahdaşlarından sayılırdı və uzun illər sosial və siyasi hüquqlar sahəsində fəaliyyət göstərib.