BAKI, 6 mart. TELEQRAF
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bank və maliyyə sektoru yüksək dözümlülük, güc və sabitlik nümayiş etdirir və regional proseslər fonunda öz mövqelərini qorumaq iqtidarındadır.
Teleqraf xəbər verir ki, bunu BƏƏ Mərkəzi Bankının sədri Xaled Məhəmməd Balama bildirib.
O qeyd edib ki, ölkənin bankları, maliyyə və sığorta şirkətləri normal rejimdə fəaliyyət göstərir, müştərilərə və ictimaiyyətə xidmət heç bir fasilə olmadan, səmərəli şəkildə davam etdirilir.
X.M. Balamanın sözlərinə görə, BƏƏ Mərkəzi Bankı 53 ildən artıq müddətdə ölkə rəhbərliyinin müdrik vizyonuna uyğun olaraq maliyyə sisteminin sabitliyinin qorunmasında mühüm rol oynayıb:
"Regionda baş verən ardıcıl geosiyasi hadisələrə baxmayaraq, bank sektoru hər zaman yüksək adaptasiya qabiliyyəti və davamlı artım nümayiş etdirib. Bu, BƏƏ-nin həm regional, həm də qlobal səviyyədə etibarlı maliyyə mərkəzi kimi mövqeyini daha da möhkəmləndirib".
Bəyanatda sektorun maliyyə sağlamlığını əks etdirən əsas göstəricilər də açıqlanıb.
Qeyd olunub ki, hazırda kapitalın adekvatlıq əmsalı 17%, likvidliyin örtülmə əmsalı isə 146,6% təşkil edir. Bu rəqəmlər beynəlxalq tənzimləyici qurumların tövsiyə etdiyi hədlərdən xeyli yüksəkdir.
Bundan əlavə, BƏƏ-nin bank və maliyyə sektorunun ümumi aktivləri 5,42 trilyon dirhəmi keçib.
Mərkəzi Bankın sədri vurğulayıb ki, ölkənin ödəniş sistemləri və milli maliyyə infrastrukturu qabaqcıl texnoloji bazası sayəsində tam təhlükəsiz və fasiləsiz fəaliyyət göstərir.
X.M. Balama əlavə edib ki, maliyyə institutları beynəlxalq standartlara uyğun risklərin idarə edilməsi və biznesin davamlılığı sistemlərini tətbiq edir.
Sonda Mərkəzi Bankın sədri BƏƏ-nin dayanıqlı inkişafına töhfə vermək və son 50 ildə əldə edilmiş nailiyyətləri qorumaq üçün rəhbərlik etdiyi qurumun tam hazır olduğunu bir daha təsdiqləyib.