BAKI, 6 mart. TELEQRAF

"İran ərazisindən həyata keçirilən dron hücumlarını regional təhlükəsizliyə ciddi risklər yaradan və genişmiqyaslı nəticələrə səbəb ola biləcək bir hadisədir. Bundan əlavə, hücumun nəticələri daha faciəli ola bilərdi. Hava limanına, mülki infrastruktur obyektinə edilən hücum və məktəbin yaxınlığında dron qəzası daha çox insan itkisinə səbəb ola bilərdi. Tehranın bu addımı açıq şəkildə təxribat və terror xarakteri daşıyır".

Bu sözləri Teleqraf-a Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova deyib.

O qeyd edib ki, Azərbaycan dövlətinin reaksiyası aydın və bir mənalıdır:

“Xarici İşlər Nazirliyi hadisəni qətiyyətlə pisləyərək, bu cür hərəkətlərin beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğunu və regionda gərginliyin artmasına səbəb olduğunu vurğuladı. Azərbaycan Tehrandan bu hadisə ilə bağlı dərhal izahat verməsini və gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün lazımi tədbirləri görməsini tələb edir. Bundan əlavə, Bakı istənilən zəruri cavab tədbirləri görmək hüququnu özündə saxlayır. Sözsüz ki, bu dövlətin ərazi təhlükəsizliyinin pozulması ilə bağlı vəziyyətdə məcburi diplomatik cavabdır”.

Komitə sədri hadisədən bir gün əvvəl Prezident İlham Əliyev Tehranın Bakıdakı səfirliyini ziyarət edərək İranın Ali lideri Ayətullah Seyid Əli Xameneinin və çoxsaylı mülki şəxsin vəfatı ilə bağlı başsağlığı verdiyini qeyd edib: "Bundan əvvəl isə Azərbaycan Prezidenti İran Prezidenti Məsud Pezeşkiana başsağlığı məktubu göndərmişdi. Bütövlükdə bu addımlar təkcə diplomatik deyil, həm də mühüm mənəvi və siyasi əhəmiyyət kəsb edirdi. Azərbaycan nümayiş etdirdi ki, hətta son dərəcə çətin geosiyasi vəziyyətdə belə, humanitar dəyərlərə və insan faciəsinə hörmətlə yanaşır. Bundan əlavə, rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisi heç bir ölkə tərəfindən İrana qarşı istifadə edilə bilməz və istifadə olunmayacaq. Azərbaycan ardıcıl olaraq İran əleyhinə əməliyyatlar üçün platforma olmaq niyyətində olmadığını nümayiş etdirib”.

Hicran Hüseynova hesab edir ki, İrandan Azərbaycan ərazisinə həyata keçirilən dron hücumları regional təhlükəsizliyə ciddi risklər yaradan və genişmiqyaslı nəticələrə səbəb ola biləcək hadisədir:

“Bu hücumun nəticələri daha faciəli ola bilərdi. Hava limanına, mülki infrastruktur obyektinə, məktəbin yaxınlığında baş verən partlayışların nəticəsi isə bağlı proqnoz vermək çox çətindir. Bu mənada Tehranın bu addımı açıq şəkildə təxribat və terror xarakteri daşıyır”.