BAKI, 6 mart. TELEQRAF
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Elxan bəy, İran ətrafında baş verənlər, bu ölkədən Azərbaycana qarşı olan hərbi təxribat fonunda bölgə ilə bağlı proqnozlar nədən ibarətdir?
- Türkiyənin xarici işlər naziri Hakan Fidan son müsahibəsində mövcud vəziyyətlə bağlı aydın izahat vermişdi. O İranı nəzərdə tutaraq “mən batıramsa, qoy bölgə də, hamı batsın” deyimini dilə gətirmişdi. İran indi sanki, bu prinsipdən çıxış edir. Hazırda İranın hərbi resursları da tükənir. Əgər, İran müharibənin ilk günlərində İsrailə və körfəz ölkələrinə ballistik raket, dronlarla hücum edirdisə, üzərindən bir həftə keçib artıq onun atdığı sursatların sayı azalır. Çünki dron və raketlərin atılma mexanizmlərinə də ABŞ və İsrail tərəfindən zərbələr endirilir, onlar sıradan çıxarılır. Bunlar olmadan isə ballistik raketləri, dronları hərəkətə gətirmək mümkün deyil. Eyni zamanda dron və ballistik raket istehsal edən müəssisələr, yeraltı bunkerlər də dağıdılıb. Ona görə də İran əlində olan hərbi resurslardan tədricən istifadə etməyə çalışır. Bunu etməsə, İran müharibəni davam etdirə bilməyəcək.
- Sizcə, İran tərəfi ABŞ və İsrailin davamlı zərbələrinə nə vaxta qədər duruş gətirə biləcək?
- Hazırda İranın vəziyyəti ağırdır, mərkəzləri dağılıb, ölkədə rəhbərlik yoxdur, xaos hökm sürür. Yenidən vəzifəyə təyin edilənlər də neytrallaşdırılır. Bu xaosda İran başını o qədər itirib ki, əvvəlcə körfəz ölkələrinə zərbələr endirirdi, orada ABŞ-nin iddia edilən hərbi bazalarını vurmağa çalışırdı. Amma hərbi bazalarla yanaşı, İran həmin ölkələrin neft və qaz resurslarına da zərbələr endirdi. Səudiyyə Ərəbistanı dünyanın ən böyük neft resurslarına malik ölkələrdən biridir. Qətər də öz növbəsində dünyada böyük qaz resurslarına malikdir. Faktiki olaraq, İranın zərbələrindən sonra Qətər Avropaya sıxılmış qaz nəql edə bilmir. Yəni, bunlar da ABŞ-nin hərbi bazaları deyil? Əslində həmin körfəz ölkələri müharibənin əleyhinə çıxan dövlətlərdən idi. Onlar məhz ABŞ Prezidenti Donald Trampa təzyiq etməyə çalışırdılar ki, müharibə başlamasın. Bu dövlətlərin İrana yaxşılığının cavabı da bu oldu ki, İran onların ərazisinə zərbələr endirdi.

- Türkiyənin İran tərəfindən hədəf seçilməsində səbəb nə idi?
- İran tərəfindən Türkiyəyə atılan raketlə bağlı onların izahı fərqli oldu. İddia edirdilər ki, guya Türkiyə hədəf götürülməyib, raket təsadüfən düşüb.
- Azərbaycan ərazisinə, Naxçıvanda mülki aeroporta İranın dron hücumu hansı məntiqlə izah oluna bilər?
- İranın Azərbaycan ərazisinə dron hücumu etməklə hər şeyin lap “ağını çıxartmış” oldu. Azərbaycan cəbhə bölgəsində deyil, şimal istiqamətində yerləşir. Burada da yalandan kimsə deyə bilməz ki, “mən başqa bir hədəfi seçmişdim, təsadüfən bura olub”. Ötən gün İran tərəfindən bununla bağlı verilən açıqlamalara da diqqət yetirdikdə çox ciddi ziddiyyətlərin olduğu üzə çıxdı. İranda sanki hərənin ağzından bir avaz eşidildi, biri dedi ki, belə bir hadisə olmayıb, digəri isə səhvən olduğunu iddia etdi. Amma digər qrup yəni, SEPAH-a bağlı teleqram kanalları açıq şəkildə dedilər ki, “biz bununla dərs vermək istəyirik”. Bu isə o deməkdir ki, İranda çox ciddi xaos yaşanır, idarəetmə dağılıb, birinin o birindən xəbəri yoxdur. Əslində İranda əvvəllər də belə olub.
.jpg)
- İranın daxilindəki problemlərin bu məsələ ilə nə əlaqəsi var?
- Sözsüz ki, bu Azərbaycanın problemi deyil. Dron məhz İran ərazisindən Azərbaycana atılıb. Türkiyəyə atılan raket boş əraziyə düşmüşdüsə, Azərbaycana Naxçıvandakı hava limanı ərazisi dron hücumuna məruz qalı. Bu, o deməkdir ki, hücum bilərəkdən həyata keçirilib.
- Azərbaycana dron hücumunu İran tərəfi hansı bəhanələrlə ört-basdır etməyə çalışır?
- Yeni bəhanələri odur ki, bu İsrailin casus şəbəkəsidir və İran ərazisindən belə bir təxribata əl atılıb. Əslində bu da Azərbaycanın problemi deyil. Ölkə ərazisində casus şəbəkəsi varsa, İran dövləti özü bu məsələni həll etməlidir. Ona görə də bütün bunların hamısı bəhanədir.

- Bu günlərdə İran və bölgə ətrafında baş verənlərlə bağlı sosial media və digər platformalarda səslənən fikirlərin ümumi məcmusu nədən ibarətdir? Narahatlıq yaradan əsas xətt nə ilə bağlıdır?
- Azərbaycanda sosial şəbəkələrdə baş verənlərlə bağlı yazılan, səslənən fikirləri heç də birmənalı qarşılamaq olmur. Özüm də liberal düşüncəliyəm və fərqli fikirlərə hörmətlə yanaşıram, hamımız eyni cür düşünə bilmərik. ABŞ-ni də, İsraili də tənqid etmək olar. Müharibənin beynəlxalq hüquqa zidd olduğunu da söyləmək mümkündür. Amma bəzi soydaşlarımız deyəndə ki, “İran nə edirsə, düz edir”… Sözsüz ki, bu kimi yanaşmaları anlamaq çox çətindir. Bu cür “fikirlərə” sahib olanlar da az deyil. Çünki dünənki hadisədən sonra yəni, Naxçıvandakı mülki aeroporta dron hücumuna görə, İrana “haqq” qazandırmaq dövlətə və millətə xəyanət kimi qiymətləndirilir.