GƏNCƏ, 30 aprel. TELEQRAF
Gəncədə sinif yoldaşı tərəfindən xəsarət yetirilən 9-cu sinif şagirdinin son durumu açıqlanıb.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasından Teleqraf-ın Qərb bürosuna bildirilib ki, 30 aprel 2026-cı il tarixində saat 00:40 radələrində 2011-ci il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına hospitalizasiya olunub.
Döş qəfəsinin kəsilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.
***
2026.04.30
02:31
Gəncədə məktəbdə şagirdə kəsici alətlə xəsarət yetirilməsi ilə nəticələnən insident baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin 9 nömrəli tam orta məktəbində qeydə alınıb.
Məlumata görə, iki məktəbli arasında yaranan mübahisə zamanı 9-cu sinif şagirdi, 2011-ci il təvəllüdlü Ü.N kəsici alətlə xəsarət alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb, ona tibbi yardım göstərilib. Vəziyyətinin stabil olduğu bildirilir.
İlkin məlumata əsasən, xəsarəti ona həmin məktəbin 8-ci sinif şagirdi yetirib.
Faktla bağlı polis tərəfindən araşdırma aparılır.