BAKI, 28 aprel. TELEQRAF

"Ermənistanda 2026-cı ilin iyun ayının 7-də keçirilməsi planlaşdırılan parlament seçkiləri, 2018-ci ildə baş verən məxməri inqilabdan bəri növbədənkənar keçirilməyən ilk parlament seçkisi olacaq. Ermənistan tarixinin ən vacib seçkisi olaraq qiymətləndirilən bu seçkiyə region ölkələri ilə yanaşı, Rusiya, Türkiyə, Avropa İttifaqı, İran və ABŞ-nin də böyük marağı var. Bu səbəbdən də, bir çoxları bu seçkini “geosiyasi seçki” adlandırır".

Bunu Teleqraf-a Ermənistanda yayda gözlənilən parlament seçkiləri ilə bağlı proseslərə münasibət bildirən politoloq Fərhad Məmmədov deyib.

Onun sözlərinə görə, bu səbəbdən də həm Rusiyada, həm də Aİ-də bu seçkiyə ciddi hazırlıq gedir:

“Belə ki, aprel ayının 1-də Moskvada keçirilən görüşdə Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyana açıq şəkildə bildirmişdi ki, Ermənistanda rusiyayönlü mövqeyə malik bir çox siyasi qüvvə var və Rusiya onların seçkilərdə iştirak etmələrini istəyir. Təbii ki, Kremlin Ermənistandakı seçkilərlə bağlı fəaliyyəti təkcə xahişdən ibarət deyil. Rusiya qonşu ölkələrdəki seçkilərə müdaxilə təcrübəsini Ermənistanda da istifadə etməyə çalışacaq.

Bu səbəbdən də Avropa İttifaqı Ermənistana bu istiqamətdə yardım göstərməyə başlayıb. Belə ki, Avropa İttifaqı hələ 2025-ci ilin dekabr ayında Ermənistana seçkilərdən əvvəl Rusiyanın dezinformasiyasının qarşısını almaq üçün 12 milyon avro (təxminən 13,8 milyon dollar) ayırmağa hazırlaşdığını açıqlamışdı.

Bu ilin mart-aprel aylarında Ermənistana səfər edəcək 9-14 nəfərlik ekspert qrupunun Ermənistanın Baş nazirinin ofisinə və Təhlükəsizlik Şurasına böhranların idarə olunması ilə bağlı məsləhətlər verməsi, eləcə də kiber təhlükələr və xarici müdaxilə, informasiya manipulyasiyası kimi riskləri nəzərə alaraq gələcək böhranların idarə olunması üçün qaydaların hazırlanmasına kömək etməsi nəzərdə tutulur. Mərkəzi Seçki Komissiyası, Daxili İşlər Nazirliyi və vergi orqanları da bu prosesdə iştirak edəcək”.

Fərhad Məmmədov Ermənistanda seçki prosesinin fərqli mahiyyət kəsb etməsinə diqqəti çəkib:

“Ermənistanda keçiriləcək seçkiyə dair vacib qaydalar, həmçinin 2021-ci ildən fərqli olaraq 2026-cı ildə keçiriləcək seçkilərdə bir sıra texniki yeniliklər əks olunub. 7 aprel 2026-cı ildə parlament tərəfindən qəbul edilən Ermənistan Seçki Məcəlləsinə son dəyişikliklərə əsasən, partiyaların parlamentə düşməsi üçün minimum səs həddi 5%-dən 4%-ə endirilib. Bu, daha çox partiyanın parlamentə düşmə ehtimalını yaradır. Lakin 2021-ci ildəki seçki nəticələrini əsas götürsək, Ermənistandakı partiyaların əksəriyyəti 1%-lik və daha aşağı səs toplayan partiyalardır. Onu da qeyd etmək lazımdır ki, qanunun tələbinə görə, minimum 3 partiya və ya blok parlamentə düşməlidir.

Bloklar üçün isə vahid səs həddi yoxdur. Bloka qoşulan partiyaların sayından asılı olaraq bu hədd dəyişir. Belə ki, üç və ya daha az partiya üçün hədd 8%, 4 və ya daha çox partiyası olan bloklar üçün isə 10% olaraq müəyyən edilib.

Digər bir yenilik seçki sonrası koalisiyaya qoşula biləcək partiyaların sayına dair məhdudiyyətlə bağlıdır. Əvvəlki qaydalara əsasən, parlamentə daxil olan bir partiyaya koalisiya yaratmaq üçün seçki həddini aşan ən çox iki digər partiya qoşula bilərdi. 7 iyun seçkiləri üçün isə bu məhdudiyyət artıq mövcud deyil”.

“Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası bu seçkiyə sülh devizi ilə gedir. Partiyanın seçkilərdəki əsas məqsədi, qalib gəlmək və mümkün olduğu qədər parlamentdəki yerlərin üçdə iki hissəsini almaqla konstitusional çoxluğu əldə etməkdir. Belə ki, konstitusional çoxluq ona referendum çağırmaq və bir sıra konstitusional dəyişiklikləri etmək imkanı verir. Nikol Paşinyanın niyyəti tez bir zamanda Azərbaycanla sülh müqaviləsini imzalamaq və Türkiyə ilə münasibətləri normallaşdıraraq, ölkənin Rusiyadan asılılığını və Qərbə inteqrasiyasını sürətləndirməkdir.

Hazırda Güclü Ermənistan Partiyasının sədri Samvel Karapetyan növbəti seçkilərdə Nikol Paşinyanın ən ciddi rəqibi hesab olunur. Ermənistan, Rusiya, Kipr vətəndaşlığı olan və sərvətini Rusiyada qazanan Karapetyan ciddi rəqib olsa da, hüquqi olaraq seçkilərdə iştirak etmək imkanı yoxdur. Belə ki, Ermənistan Konstitusiyasına görə, yalnız 25 yaşına çatmış, son dörd il ərzində ancaq Ermənistan Respublikasının vətəndaşı olmuş, son dörd il ərzində Ermənistan Respublikasında daimi yaşamış, səsvermə hüququna malik və erməni dilini bilən şəxslər parlamentə üzv seçilə bilər. Eyni tələb hökümət üzvləri üçün də keçərlidir. Bu tələblərə cavab verməyən Samvel Karapetyan parlament seçkilərində namizəd ola bilməz. Karapetyanın qardaşı oğlu Narek Karapetyan iddia edir ki, partiyası parlamentdə konstitutsional çoxluq əldə etdiyi halda Samvelin baş nazir olmasına maneə olan konstitutsiya maddəsini parlamentdə dəyişdirərək əmisinin hökumət başçısı seçilməsini təmin edəcək. Samvel Karapetyan da bu istiqamətdə addımlar atmağa başlayıb və bəyan edib ki, o, həm Rusiya, həm də Kipr vətəndaşlığından imtina edəcək. Lakin qeyd etmək lazımdır ki, xüsusilə Rusiya vətəndaşlığından imtina etmək 6-9 ay çəkən bir prosesdir. Sorğuların nəticələrinə baxsaq, bu ssenari, yəni Karapetyanın partiyasının parlamentdəki yerlərin üçdə ikisini qazanması real görünmür”, - deyə o, əlavə edib.