"Azərbaycan ilə Çexiya arasında münasibətlərin dinamika ilə inkişaf etməsi Prezident İlham Əliyevin Çexiyanın Baş Naziri Andrey Babişin Azərbaycana səfəri zamanı səsləndirdiyi fikirlər əlaqələrimizin əməkdaşlıq mərhələsinə qədəm qoyduğunu önə çəkir".
Teleqraf xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı deyib.
Onun sözlərinə görə, ilk görüş olmasına baxmayaraq, danışıqlar onu deməyə əsas verir ki, Azərbaycan-Çexiya arasında qarşılıqlı anlaşma yüksək səviyyədədir:
“Regional, ikitərəfli və qlobal məsələlərin eyni müstəvidə müzakirə olunması münasibətlərin strateji xarakter aldığını göstərir. İqtisadi sahədə konkret hədəflər müəyyən olunub. Çexiyadan geniş biznes nümayəndə heyətinin Azərbaycana gəlməsi əməkdaşlığın iqtisadi müstəvidə genişlənməsindən xəbər verir. 800 milyon dolları aşan ticarət dövriyyəsi hazırki nəticədir. Azərbaycan neftinin ixracı əsas payı təşkil edir. Ticarətin şaxələndirilməsi artıq zərurətə çevrilib. Cənab Prezidentin sözügedən məsələyə açıq şəkildə toxunması praqmatik və uzaqgörən siyasətin nəticəsidir.
Energetika sahəsində əməkdaşlıq münasibətlərin əsas sütunlarındandır. Azərbaycan uzun illərdir ki, Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaşdır. Etibarlılıq artıq beynəlxalq səviyyədə qəbul olunmuş reallıqdır. Azərbaycan qazının 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətinə ixrac olunması ölkəmizin enerji diplomatiyasının effektiv qurulmsının təzahürüdür. Çexiya ilə bu sahədə əməkdaşlığın genişləndirilməsi geosiyasi baxımdan əhəmiyyətlidir”.

Deputat bildirib ki, müdafiə sənayesi istiqamətində əməkdaşlıq da xüsusi diqqət çəkir:
“Uzun illər formalaşmış təcrübə və qarşılıqlı etimad adıçəkilən sahədə yeni mərhələyə keçidi şərtləndirir. Birgə istehsal məsələsinin gündəmə gəlməsi tərəflərin daha dərin və uzunmüddətli əməkdaşlığa söykəndiyini ön plana gətirir. Bütün bunlar isə Azərbaycanın müdafiə potensialını gücləndirmək istiqamətində atdığı addımlardandır.
Azərbaycan-Çexiya münasibətləri layihələr, qarşılıqlı fayda prinsipinə dayanır və tərəflər əməkdaşlığa uzunmüddətli perspektivdən yanaşır.
Azərbaycan etibarlı tərəfdaş imicini saxlamaqdadır və Avropa ölkələri ilə əlaqələrini daha da genişləndirir. Çexiya ilə münasibətlərin inkişafı Möhtərəm cənab Prezident İlham Əliyevin yürütdüyü siyasətin tərkib hissəsidir. Şübhəsiz ki, sözügedən gedən görüş iki ölkə arasında əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır”.