BAKI, 28 aprel. TELEQRAF
Cənubi Qafqaz regionunda artan diplomatik fəallıq fonunda Azərbaycanın beynəlxalq proseslərdə rolu getdikcə daha qabarıq şəkildə özünü göstərir. Son dövrlərdə müxtəlif Avropa ölkələrinin yüksək səviyyəli nümayəndələrinin Bakıya səfərləri bu dinamikanın təsadüfi olmadığını aydın şəkildə nümayiş etdirir. Bu tendensiya Azərbaycanın artıq təkcə enerji tərəfdaşı kimi deyil, eyni zamanda siyasi dialoq, regional əməkdaşlıq və çoxtərəfli təşəbbüslər üçün etibarlı platforma kimi qəbul edildiyini təsdiqləyir. Xüsusilə, Avropa dövlətlərinin Azərbaycana artan marağı regionda sabitliyin təmin olunması, enerji təhlükəsizliyinin gücləndirilməsi və yeni nəqliyyat-kommunikasiya dəhlizlərinin inkişafı kimi strateji prioritetlərlə bağlıdır.
Bunu Teleqraf-a Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
O qeyd edib ki, bu ümumi geosiyasi fon Azərbaycan ilə Çexiya arasında münasibətlərin inkişafına da müsbət təsir göstərməkdədir:
“Qarşılıqlı hörmət, etibarlı tərəfdaşlıq və beynəlxalq hüququn prinsiplərinə sadiqlik əsasında formalaşan bu əlaqələr son illərdə dinamik inkişaf mərhələsinə qədəm qoymuşdur. Hər iki ölkə siyasi dialoqun gücləndirilməsinə, iqtisadi əməkdaşlığın genişləndirilməsinə və enerji təhlükəsizliyi, sənaye, nəqliyyat kimi strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verir. Avropa ilə Cənubi Qafqaz arasında mühüm körpü rolunu oynayan Azərbaycan və Avropa İttifaqına üzv olan Çexiya beynəlxalq və regional məsələlərdə də oxşar mövqelərdən çıxış edərək əməkdaşlığın coğrafiyasını və məzmununu davamlı şəkildə genişləndirirlər.
Bu kontekstdə, 2026-cı il aprelin 27-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Çexiyanın Baş naziri Andrey Babiş arasında Qəbələdə keçirilmiş görüş və mətbuata verilən bəyanatlar ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. Prezident İlham Əliyev bəyanatında vurğulayıb ki, bu görüş tərəflər arasında ilk görüş olsa da, olduqca məhsuldar keçmiş, geniş spektrli məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb. Dövlət başçısı Çexiyanın Baş nazirini Azərbaycana rəsmi səfərə dəvət etdiyini xatırladaraq, bu səfərin reallaşmasının iki ölkə arasındakı əlaqələrin dinamik inkişafını bir daha təsdiqlədiyini qeyd edib. “Bizim indi çox fəal siyasi dialoqumuz var” deyə Prezident bildirib, həm regional, həm ikitərəfli, həm də qlobal xarakterli məsələlərin müzakirə olunduğunu diqqətə çatdırıb”.

Komitə sədri bildirib ki, görüş zamanı iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı konkret təkliflər irəli sürülüb, xüsusilə energetika sahəsində tərəfdaşlığın əhəmiyyəti vurğulanıb:
“Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan öz təbii qazını hazırda 16 ölkəyə ixrac edir və bu ölkələrdən 10-u Avropa İttifaqının üzvüdür. Bu, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu nümayiş etdirir və Çexiya ilə bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial yaradır.
Bununla yanaşı, müdafiə sənayesi sahəsində əməkdaşlıq da tərəflər arasında önəmli istiqamətlərdən biri kimi qeyd olunmuş, qarşılıqlı təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib. Eyni zamanda, nəqliyyat, sənaye, innovasiya və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş perspektivlərin mövcud olduğu vurğulanıb.
Beləliklə, Prezident İlham Əliyev ilə Baş nazir Andrey Babiş arasında keçirilmiş görüş və verilmiş bəyanatlar Azərbaycan-Çexiya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə daxil olduğunu göstərir. Fəal siyasi dialoq və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq iki ölkə arasında əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə zəmin yaradır”.