BAKI, 23 fevral. TELEQRAF

Hazırda biz dünya siyasətində mövcud təsisatların artıq heç bir nəticəni təmin etmədiyi bir mərhələyə daxil olduğunu müşahidə edirik. İkinci Dünya müharibəsindən sonra qurulan arxitektura uzun müddət qlobal balansın dayağı rolunu oynasa da, bu gün həmin vəzifəni yerinə yetirə bilmir. BMT Təhlükəsizlik Şurası böyük dövlətlərin strateji rəqabətinin girovuna çevrilib, ikili standartlar, selektiv yanaşmalar, çoxtərəfli mexanizmlər prosedur çətinlikləri səbəbindən ləngiyir, regional formatlar isə çox vaxt resurs və siyasi imkanlarla məhdudlaşır. Bütün bunların fonunda böhranların idarə olunması üçün yeni alətlərə - daha çevik, daha az ideoloji və praktik nəticəyə yönəlmiş mexanizmlərə tələbat artır.

Bu sözləri Teleqraf-a Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova deyib.

Professor bildirib ki, bu mənada ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilən Sülh Şurası məhz həmin tələbatın cavabı kimi dəyərləndirilə bilər:

“Sözsüz ki, bu prosesdə Azərbaycan xüsusi yer tutur. Prezident İlham Əliyevin Sülh Şurasının ilk iclasında iştirakı bunun əyani sübutudur. Bu, Bakının beynəlxalq statusunda keyfiyyətcə yeni mərhələni əks etdirən strateji seçimdir. Bir vaxtlar əsasən regional münaqişə prizmasından qiymətləndirilən ölkə, bu gün qlobal gündəliyin müstəqil aktoru kimi çıxış edir.

Əsas məqam ondan ibarətdir ki, Azərbaycan milyardlarla dollar öhdəlik elan etmədi və Qəzzaya hərbi kontingent göndərilməsi barədə bəyanat vermədi. Bu prinsipialdır. Rəsmi Bakı yeni formata daxil olmaqla yanaşı, çevikliyini və manevr imkanlarını saxladı. Bu yanaşma Azərbaycan diplomatiyasının ənənəvi xəttinə uyğundur.

Təbii ki, Sülh Şurası yalnız Yaxın Şərq kontekstində qiymətləndirilməməlidir. ABŞ prezidenti Donald Tramp bu mexanizmin digər regionlarda da tətbiq oluna biləcəyini birbaşa qeyd etdi. Bu, coğrafiyadan asılı olmayaraq böhranlara reaksiya verə biləcək çevik struktur yaratmaq cəhdidir. Gələcəkdə bu format Afrika, Cənub-Şərqi Asiya və ya postsovet məkanında da istifadə oluna bilər.

Azərbaycan üçün belə institusional nüvənin daxilində olmaq strateji əhəmiyyət daşıyır. Ölkə qərarların qəbul edildiyi mexanizmlərə çıxış əldə edir və kənarda qalmır. Beynəlxalq sistemdə təsir institutlarda iştirak vasitəsilə formalaşdığı üçün bu amil kritik rol oynayır.

Bundan əlavə, Yaxın Şərqdə qeyri-sabitlik alternativ enerji marşrutlarının əhəmiyyətini artırır. Artıq Avropaya qaz ixracını artırmış Azərbaycan tədarükün genişləndirilməsi üzrə danışıqlarda əlavə üstünlük əldə edir. Transxəzər marşrutu — Orta Dəhliz də geosiyasi qeyri-müəyyənlik şəraitində daha böyük əhəmiyyət qazanır”.

Komitə sədri hesab edir ki, Azərbaycan üçün uzunmüddətli nəticələr aydındır:

“Bu ilk növbədə ABŞ administrasiyası ilə dialoqun güclənməsi, beynəlxalq iqtisadi təşəbbüslərə çıxış imkanlarının genişlənməsi, Bakının məsuliyyətli regional lider kimi statusunun yüksəlməsi ilə bağlıdır. Çünki müasir beynəlxalq siyasətdə qalib gələnlər ən çox danışanlar deyil, iştirakın vaxtını və formatını dəqiq seçənlərdir. Rəsmi Bakı da məhz bunu etdi.

Azərbaycanın təsisçi statusunda Sülh Şurasına qoşulması ayrıca analitik qiymətləndirmə tələb edir. Bu, sadəcə yeni təşkilata üzvlük deyil, onun formalaşma mərhələsində qaydaların müəyyən edilməsində iştirak deməkdir. Dünya siyasətində əsas məsələ qaydalar təsdiq edildikdən sonra deyil, onların yaradıldığı anda masada olmaqdır. Azərbaycanın təsisçi statusunda təmsil olunması ölkənin beynəlxalq qəbulunun keyfiyyətcə dəyişdiyini göstərir. Son illərdə Bakı regional münaqişə iştirakçısından müstəqil sabitlik mərkəzinə çevrilib.

Azərbaycan suverenliyini bərpa etdikdən sonra siyasi nizamlanma mərhələsinə keçib və bu model beynəlxalq səviyyədə maraq doğurur. Sammit çərçivəsində Prezident İlham Əliyevin və Ermənistanın Baş nazir Nikol Paşinyanın “sülh” sözü fonunda əl sıxması xüsusi simvolik məna qazandı. Bu bir reallıqdır ki, beynəlxalq siyasətdə vizual siqnallar çox vaxt rəsmi bəyanatlar qədər əhəmiyyətli olur. Bu görüntü regionun uzunmüddətli qarşıdurma zonasından postmünaqişə nizamlanması məkanına çevrildiyini təsdiqlədi. Azərbaycan üçün bu, əldə edilmiş nəticələrin institusional şəkildə möhkəmləndirilməsi deməkdir. Münaqişənin hərbi mərhələsi ərazi bütövlüyünün bərpası ilə başa çatdı. İndi isə yeni status-kvonun siyasi təsbit olunması mərhələsi davam edir. Vaşinqtonun dəstəyi yekun sülh müqaviləsinin hazırlanması prosesində Bakının danışıqlar mövqelərini gücləndirir”.

Hicran Hüseynovaya görə, Azərbaycanın uğuruna, müstəqil siyasət aparmasına, gündən-günə beynəlxalq nüfuzunun artmasına sevinməyən siyasi dairələr də mövcuddur:

“Vaşinqtonda ABŞ-nin prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə münasibəti, digər dövlət başçılarının bəslədiyi hörmət, ölkəmizin uğuru bir çoxlarını narahat edir. Təəssüflər olsun ki, bu qüvvələrin əlaltısına çevrilən “sapı özümüzdən olan baltalar” da tapılır. Vaşinqtonda xarici maraqlar naminə vətənlərini satan və "müxalifət" pərdəsi altında gizlənən bir qrup manqurt Azərbaycan Prezidenti İlham Əliyevin qaldığı otelə girməyə cəhd etdi. Sözsüz ki, təxribatın qarşısı qətiyyətlə alındı. Bunun fonunda baş verən hadisələr bir daha göstərdi ki, xaricdə fəaliyyət göstərən anti-milli ünsürlər getdikcə ABŞ-dəkı şovinist erməni dairələri ilə əlbir hərəkət edirlər. Onların hərəkətləri açıq şəkildə təxribat xarakteri daşıyır və öz dövlətlərinin maraqlarına qarşı yönəlib. Bu təxribatı dəstəkləyənin ANCA olması və qısa müddət sonra anti-Azərbaycan mövqeyi ilə tanınan konqresmen Frank Pallonenin sərt açıqlamalar verməsi diqqət çəkir.

Bütün bu cəhdlər isə hər zaman olduğu kimi lflasa məhkumdur. Çünki Azərbaycanda sarsılmaz xalq-iqtidar birliyi mövcuddur. Azərbaycan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə qazanıb və torpaqlarımız işğaldan azad edilib. Bu gün Qarabağ və Şərqi Zəngəzur yenidən canlanır, qurulur”.