Azərbaycan xalqı onilliklər boyu beynəlxalq hüququn kobud şəkildə pozulmasının, ərazi bütövlüyünün tapdalanmasının və etnik təmizləmə siyasətinin ağır nəticələrini yaşayıb. Uzun illər işğal altında saxlanılan torpaqlarımızda yaradılmış qondarma separatçı rejim təkcə Azərbaycanın suverenliyinə deyil, regionda sülh və təhlükəsizliyə də ciddi təhdid idi. Bu baxımdan separatçılara qarşı Bakıda keçirilən məhkəmə prosesi və verilən ədalətli hökm yalnız hüquqi akt deyil, eyni zamanda tarixi ədalətin qaçılmaz təntənəsi kimi qiymətləndirilməlidir.

Bu sözləri Teleqraf-a Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.

Professor bildirib ki, separatizm beynəlxalq hüquqda ən təhlükəli cinayətlərdən biri hesab olunur:

“Çünki bu ideologiya dövlətlərin parçalanmasına, xalqlar arasında düşmənçiliyin dərinləşməsinə və uzunmüddətli münaqişələrə yol açır. Azərbaycan ərazilərində illərlə fəaliyyət göstərən separatçı qurum xarici havadarların dəstəyi ilə qeyri-qanuni “idarəçilik” yaratmış, yerli əhaliyə qarşı zorakılıqlar törətmiş, tarixi-mədəni irsimizi məhv etmiş və bölgəni qanunsuz hərbi-siyasi platformaya çevirmişdi. Bu cinayətlərin cavabsız qalması mümkün deyildi.

Bakıda keçirilən məhkəmə prosesi bir daha göstərdi ki, Azərbaycan hüquqi dövlətdir və ən ağır cinayətlər belə qanun çərçivəsində, şəffaf və ədalətli şəkildə araşdırılır. Separatçıların məhkəmə qarşısına çıxarılması intiqam aktı deyil, hüququn aliliyinin təzahürüdür. Burada əsas prinsip şəxsi kimliyindən və siyasi mövqeyindən asılı olmayaraq, törədilən cinayətə görə məsuliyyətin qaçılmaz olmasıdır”.

Deputat hesab edir ki, bu məhkəmə qərarı həm də beynəlxalq ictimaiyyətə açıq mesajdır: heç bir separatçı fəaliyyət, heç bir qanunsuz rejim zaman keçməklə legitimləşmir:

“Azərbaycanın ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınmış faktdır və bu reallığa qarşı çıxan hər kəs gec-tez hüquq qarşısında cavab verməli olur. Uzun illər “status-kvo” pərdəsi altında gizlənən cinayətlər artıq tarixə çevrilmiş bəhanələrdir.

Xüsusilə diqqətəlayiq məqam ondan ibarətdir ki, məhkəmə prosesi humanist yanaşma ilə, hüquqi prosedurlara tam uyğun şəkildə aparılıb. Təqsirləndirilən şəxslərin hüquqları qorunub, müdafiə imkanları təmin edilib. Bu isə Azərbaycanın yalnız qalib dövlət deyil, eyni zamanda hüquqa və ədalətə söykənən güclü dövlət olduğunu nümayiş etdirir.

Separatçılara verilən bu hökm Qarabağda yeni mərhələnin – hüquqa əsaslanan davamlı sülh mərhələsinin əsas sütunlarından biridir. Ədalət bərqərar olmadan barış mümkün deyil. Bu qərar münaqişədən əziyyət çəkmiş yüz minlərlə məcburi köçkünün, şəhid ailələrinin və bütün Azərbaycan xalqının mənəvi haqqının tanınmasıdır.

Nəticə etibarilə, Bakıda separatçılara qarşı çıxarılan məhkəmə qərarı təkcə bu günün hadisəsi deyil, gələcək nəsillər üçün hüquqi və tarixi dərsdir. Bu qərar sübut etdi ki, ədalət gec gələ bilər, amma mütləq gəlir. Azərbaycan dövləti öz suverenliyini, qanunlarını və xalqının haqqını qorumağa qadir olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi”.