BAKI, 2 fevral. TELEQRAF

Ölkəmizdə gənclər siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bütün sahələrdə olduğu kimi gənc nəslə də diqqət və qayğı artmış oldu. Sonrakı dövrdə gənclərlə bağlı imzalanan sənədlər ölkəmizin ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakına başlıca zəmin yaratdı.

Bu sözləri Teleqraf-a Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı professor Eldar Quliyev deyib.

Professor qeyd edib ki, məhz ulu öndər Heydər Əliyevin 1995-ci ildə irəli sürdüyü təşəbbüs əsasında 1996-cı ildən ölkəmizdə gənclərin forumu keçirilir: “1996-cı il fevralın 2-i ulu öndər tərəfindən imzalanan Sərəncamla Azərbaycan Gənclər Günü elan edilib. Beləliklə, MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd olunmağa başlanılıb. Həmçinin ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra təhsilimizin ötən əsrin 70-80-ci illərində mövcud olmuş bir çox ənənələri kimi, xarici ölkələrə tələbələrin göndərilməsi ənənəsi də davam etdirilib. Nəticədə, dünyanın inkişaf etmiş ölkələrində azərbaycanlı gənclərin təhsil alması mümkün olub. Bununla yanaşı ali məktəblərə qəbul imtahanlarında ən yüksək bal toplamış abituriyentlərə “Prezident təqaüdü”nün təsis edilməsi gənclərə olan növbəti diqqətin bariz nümunəsi idi.

Sözsüz ki, Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının əsasını təşkil edirdi. Bütün bu amillər onu deməyə əsas verir ki, gənclər siyasəti ölkədə həyata keçirilən dövlət siyasətinin mühüm hissəsini təşkil edir.

Prezident İlham Əliyevin gənclərlə bağlı həyata keçirdiyi strategiya da məhz onların ölkəmiz üçün ən layiqli vətəndaş kimi formalaşmasına başlıca zəmin yaradıb. Bu xüsusda davamlı olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artırılmasına xidmət edir. Dövlətin gənclərə olan birmənalı dəstəyi onun özünə, gücünə, istedadına inam hissini daha da gücləndirir. Gənclər siyasəti sahəsində atılan addımlar və qəbul olunan mühüm qərarlar Prezident İlham Əliyevin gələcəyə hesablanmış uğurlu siyasətinin nəticəsidir”.

Eldar Quliyev vurğulayıb ki, ölkəmizdə 2007-ci ilin “Gənclər ili” elan olunması dövlətin bu kateqoriyaya olan münasibətinin göstəricisidir: “Eyni zamanda Prezident İlham Əliyevin gənclərin inkişafına xidmət edəcək proqramların tətbiqi ilə bağlı imzaladığı Sərəncamlar olduqca önəmlidir.

Gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirlər dövlətin uzaqgörən siyasətinin göstəricisidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, yaradıcı gəncliyin formalaşmasına şərait yaradıb. Gənclər siyasəti sahəsində atılan addımlar və qəbul olunan mühüm qərarlar gələcəyə hesablanmış uğurlu siyasəti təcəssüm etdirir.

Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb. Gənc kadrların irəli çəkilməsi siyasəti ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.

Gənc idmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışların Azərbaycanın bir daha idman ölkəsi kimi tanınması da bu xüsusda mühüm önəmə malikdir.

Sözsüz ki, gənclərimizin vətənpərvərliyi 44 günlük Vətən Müharibəsində bir daha özünü təsdiq etdi. Prezident İlham Əliyevin hakimiyyəti illərində yetişən vətənpərvər gənclər rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə döyüşdü. Qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdırdı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərimizin qəhrəmanlığı sayəsində əldə olunan bu Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpası ilə başa çatdı. Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərdi. Bu gün də özünün intellektinə, vətənpərvərliyinə görə örnək olan gəncliyimiz ölkəmizin gələcəyinin əsas zəmanətçisi hesab edilir”.