BAKI, 26 yanvar. TELEQRAF
Bəhreyn Krallığında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 26-da Asiya Parlament Assambleyasının (APA) 16-cı plenar sessiyasında çıxış edib.
Teleqraf xəbər verir ki, Milli Məclisin sədri çıxışında 2024-cü ilin fevralında Bakıda keçirilmiş 14-cü plenar sessiyada Azərbaycan Respublikasının Milli Məclisi APA-ya sədrliyi öz üzərinə götürdüyünü bildirib: "Azərbaycanın sədrliyi dövründə ölkəmiz Assambleya çərçivəsində əməkdaşlığın və dialoqun dərinləşdirilməsi istiqamətində fəal səylər göstərib. Bu, Azərbaycanın APA-ya mühüm parlamentlərarası platforma kimi verdiyi əhəmiyyətin göstəricisidir. Sahibə Qafarova vurğulayıb ki, cari ildə APA-nın yaradılmasının 20-ci ildönümünün qeyd edildiyi bir məqamda Assambleya artıq konstruktiv dialoq və həmrəylik üçün mühüm çoxtərəfli təsisata çevrilib.
Son iki ildə görülən işlər barədə məlumat verən spiker Sahibə Qafarova Azərbaycanın sədrliyi dövründə təşkilatın tərkibinin genişləndiyini qeyd edib. Belə ki, ötən il Bakıda keçirilən 15-ci plenar sessiyada Oman Sultanlığının Şura Məclisi APA-nın tamhüquqlu üzvü olub, Belarus Respublikası Milli Assambleyasının Respublika Şurası isə müşahidəçi statusu alıb. Həmçinin APA-da müşahidəçi statusuna malik beynəlxalq təşkilatların sayı artırılaraq, Ərəb Parlamentləri Baş Katibləri Assosiasiyasına da müvafiq status verilib.
Sahibə Qafarova Azərbaycanın sədrliyi dövründə institusional inkişaf məsələlərinə xüsusi diqqət yetirildiyini, Büro iclaslarının yenidən keçirilməyə başlandığını və onların Daimi Komitələrin iclasları çərçivəsində keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, bu öz növbəsində təşkilatın gündəliyindəki məsələləri daha operativ şəkildə nəzərdən keçirməyə və müzakirə etməyə imkan verir. Bununla yanaşı, Assambleyanın fəaliyyətini gücləndirəcək yeni mexanizmlərin yaradılmasına böyük diqqət yetirildiyi, o cümlədən Azərbaycan tərəfindən Qadınlar üzrə Komissiyanın təsis edilməsi təşəbbüsünün irəli sürüldüyü vurğulanıb. Həmçinin bildirilib ki, sədrliyimiz dövründə APA-nın büdcəsinin formalaşdırılmasına dair qərar üzrə konsensus əldə edilib ki, bu da Assambleyanın imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Məlumat verilib ki, APA-nın əlaqələndirmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində geniş iş aparılıb, sədrliyimiz dövründə Parlamentlərarası İttifaq çərçivəsində təşkilatın 4 əlaqələndirmə iclası keçirilib. Bu görüşlər ortaq maraq doğuran beynəlxalq məsələlər üzrə əməkdaşlığın və koordinasiyanın gücləndirilməsi baxımından səmərəli olub.
Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycanın sədrliyi dövründə APA-nın parlament diplomatiyasında rolunun və beynəlxalq müstəvidə nüfuzunun artırılması məsələlərinə də xüsusi diqqət yetirilib. O, APA ilə digər parlamentlərarası təşkilatlar arasında əməkdaşlığın inkişafını bu məqsədə çatmaqda təsirli vasitə hesab etdiyini qeyd edib. Xüsusilə, APA ilə hazırda Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi arasında səmərəli əlaqələr qurulub və APA nümayəndə heyəti Şəbəkənin işində müntəzəm təmsil olunur.
Parlamentin spikeri qeyd edib ki, dünyadakı mövcud çətinliklər və münaqişələr fonunda mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviqi artıq seçim deyil, bir zərurətdir. Çünki qlobal sülhə və rifaha nail olmaq, ilk növbədə, xalqlar arasında etimad və qarşılıqlı anlaşmanın qurulmasından keçir. Bu mənada Asiya regionu zəngin irsi ilə böyük potensiala malikdir. Regionun müxtəlifliyi ölkələrimiz arasında bölücü xətt kimi deyil, bizi daha da yaxınlaşdıran və dialoqumuzu məzmunlu edən dəyər kimi qəbul edilməlidir.
Spiker Sahibə Qafarova çıxışında Azərbaycanın mədəniyyətlərarası dialoqun sadiq tərəfdaşı olduğunu vurğulayaraq, ölkəmizin BMT-nin Sivilizasiyalar Alyansı Forumu, Qlobal Bakı Forumu və Dünya Dini Liderlərinin Sammiti kimi mötəbər tədbirlərə ev sahibliyi etməklə bu prosesə davamlı töhfələr verdiyini bildirib. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə başladılmış “Bakı Prosesi” çərçivəsində keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT tərəfindən mədəniyyətlərarası və dinlərarası dialoq üçün əsas qlobal platforma kimi tanınır. 2024-cü ilin mayında keçirilən 6-cı Forum çərçivəsində Milli Məclis tərəfindən təşkil olunmuş Parlamentlərarası Konfrans isə bu dialoqa "parlament ölçüsü" qazandırıb.
Milli Məclisin sədri 2025-ci ilin iyulunda Parlamentlərarası İttifaq tərəfindən təşkil edilən Parlament Sədrlərinin Altıncı Ümumdünya Konfransındakı çıxışı zamanı həmin qurumu mədəniyyətlərarası dialoqu gələcək gündəliyinə və fəaliyyətinə daxil etməyə çağırdığını xatırladıb. O, APA-nın bu məsələnin həlli istiqamətindəki səylərinin təqdirəlayiq olduğunu bildirib.
APA-nın gündəliyində prioritet yer tutan iqlim dəyişikliyi ilə mübarizə məsələsinə toxunan Milli Məclisin sədri bildirib ki, 2024-cü ildə COP29-a uğurla ev sahibliyi edən Azərbaycan müxtəlif tərəflər arasında körpülər quraraq qlobal həmrəyliyə nail olub. Regionun digər bir dövləti olan qardaş Türkiyənin COP31-ə yüksək səviyyədə ev sahibliyi edəcəyinə inam ifadə olunaraq, onun bu sahədəki fəaliyyətinin qlobal iqlim hədəflərinə çatmaqda mühüm rol oynayacağı vurğulanıb.
Çıxışında bölgəmizin 2026-cı ildə ev sahibliyi edəcəyi digər mühüm hadisənin — bu ilin mayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının əhəmiyyətini vurğulayan parlamentin sədri Sahibə Qafarova, davamlı şəhərsalmanın qlobal inkişafın gündəliyi ilə sıx əlaqəli olduğunu deyib. O, APA-ya üzv olan bütün ölkələri bu Forumda fəal iştirak etməyə dəvət edib.
APA-da sədrlik rəsmi olaraq Bəhreyn Krallığının Nümayəndələr Şurasına təhvil verilib.