BAKI, 24 iyun. TELEQRAF
Azərbaycan son illərdə əldə etdiyi siyasi, hərbi və iqtisadi uğurlar sayəsində orta güc kimi mövqeyini daha da möhkəmləndirib.
Teleqraf xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev “Azərbaycan orta güc kimi: xarici siyasət, regional təsir və qlobal iştirak” mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, bu status ölkənin yalnız regionda deyil, daha geniş coğrafiyada təsir imkanlarının artdığını göstərir:
“Orta güc konsepsiyası hərbi qüdrət, iqtisadi imkanlar, diplomatik təsir, yumşaq güc və digər amilləri özündə birləşdirir.
2020-ci və 2023-cü illərdə Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsi bu statusun daha aydın şəkildə təsdiqlənməsinə şərait yaradıb.
Bu gün Azərbaycan yalnız ölkə daxilində deyil, regiondan kənarda da müxtəlif təşəbbüslər və layihələr həyata keçirir. Bu isə ölkənin potensialının Cənubi Qafqaz sərhədlərini aşdığını göstərir”.
BMTM sədri əlavə edib ki, konfransın əsas məqsədi Azərbaycanın beynəlxalq sistemdə artan rolunu müzakirə etmək, bu istiqamətdə aparılan araşdırmaların nəticələrini təqdim etmək və yeni təkliflər ətrafında fikir mübadiləsi aparmaqdır.