BAKI, 24 iyun. TELEQRAF

Azərbaycan regional liderlik, çoxtərəfli diplomatiya və beynəlxalq təşəbbüskarlıq sayəsində yüksələn orta güc kimi qlobal proseslərdə rolunu gücləndirir.

Teleqraf xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi Sultan Zahidov “Azərbaycan orta güc kimi: xarici siyasət, regional təsir və qlobal iştirak” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, orta güc anlayışı yalnız iqtisadi və hərbi potensialla deyil, dövlətin diplomatik fəallığı, beynəlxalq təşəbbüskarlığı və çoxtərəfli əməkdaşlıq imkanları ilə müəyyən olunur:

“Azərbaycan son illərdə regional və qlobal səviyyədə təsir imkanlarını əhəmiyyətli dərəcədə artırıb”.

O, ölkənin Cənubi Qafqazda yeni geosiyasi reallıqların formalaşmasında mühüm rol oynadığını, Orta Dəhliz və Şimal–Cənub nəqliyyat marşrutları vasitəsilə strateji bağlantı mərkəzinə çevrildiyini vurğulayıb.

BMTM rəsmisi qeyd edib ki, Cənub Qaz Dəhlizi, Qoşulmama Hərəkatına sədrliyi və COP29-a ev sahibliyi Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirən əsas amillərdəndir.