BAKI, 24 iyun. TELEQRAF

Azərbaycan yaxın illərdə İslam dünyasının ən mötəbər sammitinə ev sahibliyi etməyə və İslam Əməkdaşlıq Təşkilatına (İƏT) rəhbərlik etməyə hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının iştirakçılarına ünvanladığı müraciətdə bildirilib.

Dövlət başçısı müraciətində rəsmi Bakının təşkilat çərçivəsindəki gələcək hədəflərini açıqlayıb:

"2027-ci ildə Azərbaycana İslam Zirvə Konfransının 16-cı Sessiyası keçiriləcək və ölkəmiz İƏT-də Sədrliyi öz üzərinə götürəcək. Sədrliyimiz dövründə üzv dövlətlərin ümumi maraqlarının təşviqi, təşkilat çərçivəsində əməkdaşlığın dərinləşməsi, İslam həmrəyliyinin möhkəmləndirilməsi və böyük gücə çevrilməsi məqsədilə birgə səylərin səfərbər olunması üçün əlimizdən gələni əsirgəməyəcəyik".