BAKI, 12 dekabr. TELEQRAF

"Heydər Əliyev həmin qüvvələrin planlarını pozdu".

Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, bir xalqın tarixində müstəqil olmaq zəruridirsə, Heydər Əliyev bu istiqamətdə mühüm addımlar ataraq, dünyanı idarə edən qüvvələrin planlarını pozmağı bacardı:

“Heydər Əliyev qeyri-adi yaşamı və siyasi uzaqgörənliyi ilə düşmənləri neytrallaşdıra bildi. Anım günündə iştirak edən insanların sayının ildən-ilə artması da bunun təsdiqidir. Zaman keçdikcə onun gördüyü işlərin əhəmiyyəti daha aydın görünür.”

Məzahir Pənahov qeyd edib ki, Azərbaycan dövləti beynəlxalq güclərin təzyiqlərinə baxmayaraq, öz yolunu müəyyənləşdirib və dünyada sözü eşidilən ölkəyə çevrilib:

“Biz daim ayıq və diqqətli olmalı, arxayınlaşmadan çalışmalı və fəaliyyətimizi bu istiqamətdə qurmalıyıq.”

Məzahir Pənahov açıqlamasında vurğulayıb ki, Mərkəzi Seçki Komissiyasının bu il tərkibinin yenidən formalaşdırılması planlaşdırılmır.