BAKI, 13 mart. TELEQRAF

Azərbaycanın əlverişli coğrafi mövqeyi və Prezident İlham Əliyevin uzaqgörən iqtisadi strategiyası sayəsində ölkəmiz Şərqlə Qərbi birləşdirən ən etibarlı ticarət körpüsü statusunu möhkəmləndirir.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi — Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel müzakirələrindəki çıxışı zamanı deyib.

Prezidentin köməkçisi bildirib ki, qlobal ticarət dövriyyəsinin 35 trilyon dollar səviyyəsinə çatdığı bir vaxtda rəsmi Bakı coğrafi üstünlüklərindən yararlanaraq Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişafını prioritet hesab edir.

Ş.Mövsümov vurğulayıb ki, Azərbaycan Cənub Qaz Dəhlizi, TANAP və TAP layihələri vasitəsilə vasitəsilə 16 ölkənin enerji təhlükəsizliyinə töhfə verir:

“Həmçinin Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında imzalanmış saziş çərçivəsində yaşıl enerjinin ixracı üçün sualtı elektrik kabeli layihəsi üzrə işlər davam etdirilir. Logistik prosedurların sadələşdirilməsi məqsədilə 2025-ci ilin dekabrında imzalanmış fərmanla yaradılan vahid rəqəmsal pəncərə bütün yükdaşımaları tək mərkəzdən idarə etməyə imkan verəcək”.

Sonda dövlət rəsmisi əlavə edib ki, dayanıqlı iqtisadi tərəfdaşlıq üçün regional sülh həlledici faktordur. Ermənistanla münaqişəyə son qoyulmasının və əldə olunmuş razılaşmaların Cənubi Qafqazı sülh məkanına çevirəcəyi, Azərbaycanın isə bu yöndə ardıcıl siyasət yürütdüyü xüsusi vurğulanıb.