BAKI, 14 mart. TELEQRAF

İsrail Hərbi Hava Qüvvələri Livanın paytaxtı Beyrutun cənubundakı Əl-Camus məhəlləsinə zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə TASS agentliyinə Livanın mülki müdafiə xidmətindəki mənbə məlumat verib.

Bildirilib ki, İsrail aviasiyasının hücumundan sonra Beyrutun cənub kənarındakı Əl-Camus məhəlləsində güclü partlayış baş verib. Zərbənin şiə təşkilatı “Hizbullah”a məxsus obyektlərdən birinə endirildiyi qeyd olunur.

Mənbənin sözlərinə görə, raketlər çoxmərtəbəli yaşayış binasına doğru buraxılıb və güclü partlayış səsi şəhərin bir çox rayonunda eşidilib.

“Adətən belə zərbələr yeraltı silah anbarları məhv edilərkən endirilir”, - deyə mənbə bildirib.

Onun sözlərinə görə, bundan əvvəl də Beyrutun cənub ətrafında yerləşən Madi məhəlləsində yaşayış kompleksinə və Əl-Burc xəstəxanasının yaxınlığındakı binaya hava zərbələri endirilib.

Hazırda dağıntıların miqyası və xəsarət alanlar barədə məlumat verilməyib.