BAKI, 13 mart. TELEQRAF

“Nə zamana kimi özümüz özümüzə dəstək verməyəcəyiksə, düzəlməyəcək. Baxıram, adlı-sanlı futbol adamları yerli məşqçiləri qınayır, onların yerinə göz dikir. Amma bu qədər xaricinin gəlib xeyir vermədiyini deyən yoxdur. Nə vaxt özümüzə qiymət verəcəyik, klub rəhbərləri yerli məşqçilərin arxasında duracaq, onda işləmək olar. Ancaq indi klub rəhbərlərinin 90 faizi yerli məşqçilərin arxasında durmur".

Teleqraf xəbər verir ki, bunu “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov “Sumqayıt”ı səfərdə 1:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XXIV turunun oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

"Bir çox klub rəhbəri artıq futboldan getməlidir. Nəticə qazanmırlar. Onları da sorğu-sual etmək lazımdır. Nə qədər məşqçi dəyişəcək? Səhv tək məşqçidə olmur. Bir çox mütəxəssislər var, komandanı saxlayır, amma rəhbərliyin etdiyi yanlış transferlər problem yaradır. Gərək yerli məşqçilər də özlərinə dəstək olsun, bir-birinin arxasınca danışmasın. Bəzi yerli məşqçilər də var ki, deyirlər, Ayxan niyə iki yerdə işləyir... Tələsməsinlər, yaydan bir yerdə çalışacağam", - deyə Abbasov bildirib.