BAKI, 13 mart. TELEQRAF
"İndiyə qədər keçirilən 30-dan çox COP tədbirində mühüm qərarlar qəbul edilsə də, əfsuslar olsun ki, onların həyata keçirilməsi böyük sual altındadır".
Teleqraf xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev XIII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.
M.Babayev bildirib ki, Bakıda 300 milyard ABŞ dolları həcmində beynəlxalq maliyyə dəstəyi ilə bağlı tarixi razılıq əldə olunsa da, hazırda bəzi dövlətlərin bu öhdəliklərdən kənarlaşdığı müşahidə edilir.
Onun sözlərinə görə, bir çox ölkələr iqlim maliyyəsi əvəzinə müdafiə və təhlükəsizlik xərclərinə üstünlük verməyə başlayıblar:
"İtkilər və Zərər Fonduna donorların töhfələri ötən ildən etibarən azalıb. Lakin vəsaitlərin toplanması inkişaf etməkdə olan ada dövlətlərinin iqtisadiyyatını bərpa etməsi üçün həyati əhəmiyyət kəsb edir".
Muxtar Babayev həmçinin əlavə edib ki, hazırda bütün BMT sistemi və çoxtərəflilik prinsipi təzyiq altındadır.
O, effektiv nəticələr əldə etmək üçün təkcə qərarlar qəbul etməyin kifayət olmadığını, onların real icrası üzərində sıx işləməyin vacibliyini diqqətə çatdırıb.