BAKI, 13 mart. TELEQRAF

XIII Qlobal Bakı Forumu çərçivəsində “2030 Gündəliyinin sürətləndirilməsi: İnklüziv artım və dayanıqlı əlaqəlilik” mövzusunda panel müzakirəsi keçirilib.

Teleqraf xəbər verir ki, müzakirələrdə qlobal böhranlar, iqtisadi durğunluq və bəşəriyyətin qarşısında duran mənəvi məsuliyyət məsələləri diqqət mərkəzində olub.

Nobel Sülh Mükafatı laureatı Kaylaş Satvarti çıxışında dünyadakı texnoloji inkişafın insanlar arasında həqiqi həmrəylik yaratmadığını vurğulayıb.

O bildirib ki, bəşəriyyət bolluq içində yaşadığı halda aclıq hələ də qalmaqdadır:

“Bu gün üzləşdiyimiz fəlakətlər qəsdən formalaşdırılmış sistemli problemlərdir. Əsas çatışmazlıq şəxsi və siyasi həyatımızda mənəvi hesabatlılığın olmamasıdır”.

Misirin beynəlxalq əməkdaşlıq naziri Raniya əl-Məşat qeyd edib ki, ölkələr təhsil və səhiyyə kimi sahələri qlobal ictimai mal kimi qəbul edərək prioritetləşdirməlidirlər.

Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdziya isə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) gedişatı ilə bağlı həyəcan təbili çalaraq, hədəflərin yalnız üçdə birində irəliləyiş olduğunu, qalan hissənin isə gerilədiyini və ya yerində saydığını diqqətə çatdırıb.

Çexiyanın keçmiş Baş naziri İrji Rusnok hazırkı dünya nizamını - parçalanma sözü ilə xarakterizə edib.

O, Avropa İttifaqı daxilində artan gərginlikdən və Almaniya, Fransa kimi böyük iqtisadiyyatların durğunluq dövrünü yaşadığından bəhs edib. İ. Rusnok çıxış yolunu dayanıqlılıq, adaptasiya və rəqəmsal əlaqəlilikdə görüb.

Moldovanın sabiq Baş naziri Kiril Qaburiçi ölkəsinin enerji sahəsindəki uğurundan danışıb.

O bildirib ki, Moldova yeganə mənbədən asılılığı sıfıra endirərək Avropa enerji sisteminə inteqrasiya olunub:

“Dayanıqlıq təcrid olunmaqdan deyil, inteqrasiyadan asılıdır. Biz vahid şəbəkəyə qoşulmaqla həm gücləndik, həm də iqtisadi artımı şərtləndirdik”.

Panel iştirakçıları 2030-cu il gündəliyini reallaşdırmaq üçün innovasiyaların və beynəlxalq əməkdaşlığın alternativsiz olduğunu xüsusi vurğulayıblar.