BAKI, 13 mart. TELEQRAF

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu xətti və Trans-Xəzər beynəlxalq nəqliyyat keçidi çərçivəsində atılan addımlar qitənin yükdaşıma xəritəsini əsaslı şəkildə dəyişir.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan dövlət başçısının xarici siyasət məsələləri üzrə xüsusi nümayəndəsi Əbdüləziz Kamilov XIII Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.

Müşavir vurğulayıb ki, rəsmi Daşkənd bölgə üçün həlledici əhəmiyyətə malik Zəngəzur dəhlizinin işə düşməsinə ilk dəfə olaraq öz dəstəyini nümayiş etdirib.

O qeyd edib ki, sözügedən infrastruktur layihəsi sadəcə tranzit qovşağı deyil, həm də rəqabətədavamlı iqtisadi modellərin qurulması və sərhədlərin təhlükəsizliyi baxımından müstəsna rol oynayır:

"Bu istiqamətlərdə sıx əməkdaşlığın qurulması şaxələndirilmiş kommunikasiya şəbəkəsinin meydana gəlməsinə zəmin yaradacaq. Nəticədə, Cənub-Şərqi Asiya regionundan Avropa qitəsinə birbaşa çıxış imkanları genişlənəcək”.

Ə.Kamilov qeyd edib ki, yaranmış yeni geosiyasi reallıqlar investorlardan, istehsalçılardan və istehlakçılardan çevik fəaliyyət tələb edir:

“Bu kontekstdə Mərkəzi Asiyanın xammal və məhsullarının qlobal bazarlara çıxarılması üçün vahid daşınma və rəqəmsal tranzit alətlərinin tətbiqi prioritet vəzifədir”.

Xüsusi nümayəndə rəsmi Bakının logistik potensialına diqqət çəkərək, təchizat zəncirlərinin qarşılıqlı uzlaşdırılmasının vacibliyini önə çəkib.

O, ixrac əməliyyatlarını gündəlik nəzarətdə saxlayacaq və beynəlxalq ticarət dövriyyəsinə töhfə verəcək xüsusi İşçi Qrupunun təsis edilməsini təklif edib.

Sonda Ə.Kamilov əlavə edib ki, Mərkəzi Asiya və Cənubi Qafqaz artıq passiv coğrafi məkan deyil, dünya iqtisadi sisteminin fəal və məsuliyyətli subyektlərinə çevrilməkdədir.