BAKI, 13 mart. TELEQRAF
"Sumqayıt"ın baş məşqçisi Saşa İliç komandanın uğursuz çıxışına görə klubun prezidenti Riad Rəfiyevi günahlandırıb.
Teleqraf xəbər verir ki, serbiyalı mütəxəssis bu barədə Azərbaycan Premyer Liqasının XXIV turunda evdə "Şamaxı"ya 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"Avrokuboklara şansımız getdikcə azalır. Gənc oyunçulara fokuslanmalıyıq ki, təcrübə yığsınlar. Onlara daha çox şans verməyə çalışacağıq. Rəhbərliyin klubun strategiyasını dəyişməsində qeyri-adi bir şey görmürəm. Buna hörmətlə yanaşıram. Nəticələrə görə təəssüflənirəm. Mövsümə yaxşı başlamışdıq. Amma bilirdik ki, müəyyən zamanda yeni oyunçular lazım olacaq. Rəhbərlikdən yeni oyunçular istəyirdim, amma alınmadı. Bunlar da nəticələrdə rol oynadı. Mövsümün əvvəlindən qoyulan planlara uyğun getməli idik. Özüm də futbolçu olmuşam, əvvəldən müəyyən olunan strategiyanı qorumalı idik", - deyə İliç bildirib.