BAKI, 13 mart. TELEQRAF
XIII Qlobal Bakı Forumu çərçivəsində “Afrika: Bu gün və sabah” mövzusunda panel müzakirəsi keçirilib.
Teleqraf xəbər verir ki, tədbirdə çıxış edən beynəlxalq ekspertlər və sabiq dövlət rəsmiləri regionun artan iqtisadi potensialı və qlobal əhəmiyyəti barədə fikirlərini bölüşüblər.
Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel qitənin rəsmi Brüssel üçün fundamental önəmini vurğulayaraq, münasibətlərin bərabərlik və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Maltanın keçmiş Baş naziri Cozef Muskat daxili bazarın böyüklüyünə diqqət çəkib.
O, bürokratik əngəllərin aradan qaldırılmasını və "Açıq Səma Sazişi”nin imzalanmasının iqtisadi artıma ciddi təkan verəcəyini bildirib.
Avropa Komissiyasının sabiq üzvü Dimitris Avramopoulos qeyd edib ki, 2026-cı ildə Afrika artıq kənardan izləyən deyil, dünyanın ən vacib demoqrafik və iqtisadi hüdududur:
"Dünyada hər beş vətəndaşdan biri afrikalıdır. Bu qitə təkcə yardım deyil, rifah istəyir. Biz onlara müstəmləkə kimi baxmamalıyıq".
COP21-in vitse-prezidenti Hakima El Haite regionun mineral ehtiyatların 30 faizinə sahib olduğunu xatırladıb.
Onun sözlərinə görə, artıq Afrika xammal ixracatçısı kimi deyil, öz ərazisində sənayeləşən və əlavə dəyər yaradan tərəfdaş kimi çıxış etmək niyyətindədir.
BMT-nin Baş katibinin Qərbi Afrika və Somali üzrə sabiq xüsusi nümayəndəsi Ahmedu Uld-Abdullah isə inkişaf üçün güclü demokratiya, şəffaflıq və düzgün idarəetmə sisteminin qurulmasının zəruriliyini ön plana çəkib.