BAKI, 14 mart. TELEQRAF
Böyük Britaniya kralı III Karl ABŞ Prezidenti Donald Trampın ölkəyə ikinci dövlət səfərinə qarşı olub.
Teleqraf xəbər verir ki, bu barədə "The Spectator" jurnalı məlumat yayıb.
Nəşrin məlumatına görə, Bukinqem sarayı Trampın 2025-ci ildə Britaniyaya ikinci dövlət səfəri ehtimalına yalnız skeptik yanaşmayıb, hətta buna qəti və davamlı şəkildə qarşı çıxıb. Kralın şəxsi katibi Klayv Olderton əvvəlcə ABŞ Prezidenti ilə şəxsi görüş keçirilməsini, daha sonra isə 2026 və ya 2027-ci illərdə mümkün dövlət səfərinin təşkil edilməsini təklif edib.
Lakin Böyük Britaniyanın baş naziri Kir Starmerin ofisi bu variantı rədd edib. Dauninq-stritdə hökumətin monarxa rəsmi konstitusion məsləhət verməsi mexanizmindən istifadə olunub. Bu mexanizmə görə, hökumət monarxa qeyri-rəsmi təklif deyil, rəsmi göstəriş verir.
Jurnal yazır ki, III Karlın mövqeyi Trampın Kanada barədə səsləndirdiyi bəzi fikirlərlə bağlı olub. Kanada dövlət başçısı da sayılan Britaniya kralı ABŞ prezidentinin bu ölkə ilə bağlı zarafatlarını uyğun hesab etməyib. Tramp daha əvvəl bir neçə dəfə Kanadanı ABŞ-nin 51-ci ştatı adlandırmışdı.
Bildirilir ki, həmin dövrdə Böyük Britaniyanın ABŞ-dəki səfiri olan Piter Mandelson Bukinqem sarayının Kanadaya dair mövqeyini Ağ ev aparat rəhbəri Syuzan Uaylsın diqqətinə çatdırıb. Bundan sonra Tramp Kanadanın mümkün anneksiyası barədə zarafat etməyi dayandırıb.
Qeyd olunur ki, Tramp 2025-ci ilin sentyabrında müasir tarixdə görünməmiş ikinci dövlət səfəri ilə Böyük Britaniyaya gəlib. O, Vindzor qəsrində III Karl tərəfindən qəbul edilib və baş nazir Kir Starmerlə Çekers iqamətgahında danışıqlar aparıb.