BAKI, 13 mart. TELEQRAF
1992-ci ildə tullantıların əsas hissəsi şimalın payına düşürdüsə, hazırda mənzərə tamamilə fərqlidir və yükün böyük qismi cənub ölkələrinin üzərinə keçib.
Teleqraf xəbər verir ki, bu fikirləri Polşanın keçmiş iqlim və ətraf mühit naziri, COP24-ün Prezidenti Mixal Kurtıka XIII Qlobal Bakı Forumundakı çıxışında səsləndirib.
Diplomat iqtisadi güc mərkəzlərinin yerini dəyişdiyini vurğulayaraq, inkişaf dərəcəsinə görə dövlətlərin təsnifatına yenidən baxmağın vacibliyini qeyd edib.
Onun sözlərinə görə, köhnəlmiş stereotiplərdən qurtulub, praqmatik yanaşmalarla hərəkət etmək lazımdır:
"Ekoloji hədəflərlə bağlı iddialı layihələr ortaya qoysaq da, enerji təhlükəsizliyi bəzən bəşəriyyətin mühüm problemlərini arxa plana atır. Məhdud resurslardan istifadə edərək alternativ yollar tapmalı, adaptasiya məsələlərinə xüsusi diqqət ayırmalıyıq".
Sonda Mixal Kurtıka COP platformasının universal dialoq üçün unikal məkan olduğunu, texnoloji tərəqqi və rifah naminə birgə addımların atılmasının zəruriliyini diqqətə çatdırıb.