BAKI, 13 mart. TELEQRAF
Türkiyə olaraq Azərbaycanın COP29-dakı uğurunu və Braziliyanın COP30 prosesini daha yuxarı səviyyəyə daşımaq niyyətindəyik.
Teleqraf xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri, COP31-in Prezidenti Murat Kurum XIII Qlobal Bakı Forumunda jurnalistlərə açıqlamasında bildirib.
Nazir qeyd edib ki, hazırda dünyanın ən böyük ehtiyacı praktiki fəaliyyət və konkret addımlardır.
Onun sözlərinə görə, Ankara COP31 sədrliyi dövründə dialoq və uzlaşma prinsipləri ilə hərəkət edərək, indiyədək qəbul edilmiş iqlim qərarlarının gücləndirilməsinə çalışacaq.
Bakıda keçirilən forumda sabiq COP prezidentləri ilə fikir mübadiləsi apardıqlarını deyən M.Kurum, çoxtərəfli bir sədrlik prosesi yürüdəcəklərini vurğulayıb.
Türkiyəli rəsmi həmçinin "bir millət, iki dövlət" şüarını xatırladaraq, hər zaman azərbaycanlı qardaşlarının yanında olduqlarını və növbəti ev sahibliyini Antalya şəhərində edəcəklərini diqqətə çatdırıb.