BAKI, 19 avqust. TELEQRAF

Azərbaycanla Ermənistan arasında sülh müstəvisində mühüm addımlar atıldı. Artıq hər iki tərəf razılaşdırılmış sülh mətnini təsdiqləyib. Vaşinqtonda əldə edilən razılaşmalar bu mənada vacib əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizi açılması istiqamətində atılan addımlar da böyük maraqla qarşılandı.

Bu sözləri Teleqraf-a politoloq Ramiyə Məmmədova Zəngəzur dəhlizi və onun ətrafında yaranan müzakirələri şərh edərkən deyib.

Onun fikrincə, dəhlizin açılması o qədər də sadə bir məsələ deyil: “Bunun üçün böyük maliyyə vəsaiti tələb olunur. Dəhlizin məhz ABŞ-yə məxsus şirkətin icarəsi əsasında açılması digər məsələləri də həll etmiş olur. 99 illik icarə əsasında dəhlizin açılmasına sözsüz ki, region dövlətləri tərəfindən reaksiyalar var. ABŞ-nin Cənubi Qafqazda mövcudluğu Azərbaycan və Ermənistanın qonşuları tərəfindən heç də birmənalı qarşılanmır”.

Politoloq İran dəhlizinin ABŞ-nin nəzarəti ilə açılmasına vermiş olduğu reaksiyaların Rusiya tərəfinin də mövqeyi ilə uzlaşdığını söyləyib: “Kreml də dəhlizin bu mexanizmlə açılmasına tərəfdar deyil. Eyni zamanda ABŞ-nin bölgədəki varlığı Amerika əsgərinin də burada olması deməkdir. Ermənistan sərhədlərini rus əsgərinin qoruması amilini də diqqətdən qaçırmaq olmaz. Bölgə, həmçinin Türkiyə və İran sərhədinə yaxındır. Bu mənada dörd ölkəyə məxsus güc təmsilçilərinin bölgədə olması əlavə suallar yarada bilər”.

Ramiyə Məmmədova hesab edir ki, Zəngəzur dəhlizinin Amerikaya məxsus şirkətin nəzarəti ilə açılması daha çox ABŞ Prezidenti Donald Trampla Vladimir Putin arasındakı razılaşmalardan asılı olacaq: “Ermənistan daxilində də dəhlizin ABŞ-nin nəzarətində açılmasına qarşı çıxanlar az deyil. Onlar bunu Rusiyaya qarşı açıq demarş kimi dəyərləndirirlər. Bütün bunların birmənalı olaraq həlli isə Azərbaycanla Ermənistan arasında imzalanacaq yekun sülh sazişi ilə mümkün ola bilər”.