BAKI, 12 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan ilə Ağ Evdə baş tutan görüşdən video paylaşıb.
Teleqraf xəbər verir ki, videoda Oval kabinetdəki görüşdən, Ağ Evdəki gəzintidən və Trampın Cənubi Qafqazda sülhün bərqərar olunmasına dair açıqlamalarından kadrlar öz əksini tapıb.
Video ABŞ Prezidentinin “Ermənistan və Azərbaycan arasında keçirilən bu tarixi sülh sammiti üçün hər kəsi Ağ Evdə salamlamaqdan şərəf duyuram” kəlmələri ilə başlayır.
Bunun ardınca İlham Əliyevin "Prezident Tramp Qafqaza sülh gətirir. Buna görə biz həqiqətən ona olduqca minnətdarıq. Biz qarşıdurma və qan tökülməsi səhifəsini çevirəcəyik" bəyanatı səslənir.
Sonra Nikol Paşinyanın fikirləri səslənir: “Bugünkü böyük nailiyyət sizin qlobal liderliyinizə və dünya səviyyəli dövlət xadimi və sülhməramlı kimi irsinizə daha bir sübutdur”.
Video Trampın "Prezident olaraq mənim ən böyük arzum dünyaya sülh və sabitlik gətirməkdir" fikri ilə tamamlanır.