BAKI, 17 iyul. TELEQRAF

"Şəhər prokurorluq orqanları tərəfindən hesabat dövründə 130 cinayət işinin ibtidai istintaqı tamamlanmış, onlardan 86 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilib".

Teleqraf xəbər verir ki, bu barədə məlumat Bakı Şəhər Prokurorluğu orqanları tərəfindən 2025-ci ilin birinci yarımilinə həsr olunmuş geniş əməliyyat müşavirəsində qeyd olunub.

Bildirilib ki, paytaxtın daxili işlər orqanlarının istintaq qurumları tərəfindən isə hesabat dövründə cəmi 2722 cinayət işinin istintaqı tamamlanaraq, 2151 iş məhkəmələrə göndərilib.

Bakı şəhəri üzrə prokurorluq orqanları tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş 9.934.994,14 manat məbləğində maddi ziyanın 5.279.487,65 manatı və ya 53,1 %-nin ödənilməsi təmin edilib.

Müşavirədə həmçinin axtarışda olan, xəbərsiz itkin düşmüş şəxslərin tapılması istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılması ilə bağlı konkret tapşırıqlar verilib.