BAKI, 17 dekabr. TELEQRAF
Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Eldar müəllim, Prezident İlham Əliyevin Slovakiya Respublikasına səfəri iki ölkə arasında münasibətlərin inkişafı baxımından necə xarakterizə olunur?
- Bu Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya tarixdə ilk rəsmi səfəri idi. Sözsüz ki, səfər dövlətlərarası əlaqələrin inkişafını xarakterizə edir. Azərbaycan yerləşdiyi regionda Slovakiya üçün strateji əhəmiyyətə malikdir. Cənubi Qafqazın ən böyük iqtisadiyyatına malik ölkə kimi Azərbaycan Asiya ilə Avropa arasında mühüm körpü rolunu oynayır. Ötən il Azərbaycanla Slovakiya arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Bəyannamə münasibətlərin inkişafında mühüm önəm kəsb edir. İki ölkə arasında sıx əməkdaşlıq mövcuddur. Müdafiə sənayesi, müasir texnologiyalar, tələbə mübadiləsi, turizm, mədəniyyət və digər sahələrində əlaqələr mövcuddur.
Azərbaycanla Slovakiya arasında ənənəvi əməkdaşlıq sahəsi olan energetika üzrə konkret layihələr icra edilir. Keçən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya təchiz edilib. Ölkəmizin başçısı da Azərbaycan qazını almış ölkələrin sayının 14-ə çatdığını bildirib. Məhz bunun nəticəsidir ki, bu gün Avropa İttifaqına üzv 8 ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini təmin etmiş olur.
Bu gün Azərbaycan öz xarici siyasət prioritetlərini uyğun siyasət həyata keçirir. Ölkəmiz Şərqlə Qərb arasında müəyyən bir körpü rolunu oynamaqla yanaşı infrastruktura, bağlantılara, nəqliyyat sektoruna mühüm sərmayələr yatırır. Məhz bu amillər Azərbaycanı Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli parçasına çevirir. Ölkəmiz Orta Dəhliz layihəsinin fəal iştirakçısı olaraq Orta Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşruta malikdir. Sözsüz ki, Azərbaycanla Slovakiya arasındakı əlaqələrin inkişafında bu sahənin çox böyük potensialı var.

- İki ölkə arasında qarşıdakı dövrdə əsas hədəflər nədən ibarətdir?
- Bu gün Azərbaycan-Slovakiya münasibətləri yeni mərhələyə yüksəlib. Azərbaycanın balanslaşdırılmış xarici siyasəti son illərdə Avropa məkanında yeni tərəfdaşlıq istiqamətləri yaradıb. Bu kontekstdə Slovakiya ilə münasibətlər xüsusi dinamizm qazanıb. Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri isə bu münasibətlərin təkcə diplomatik çərçivədə deyil, həm də praktik əməkdaşlıq və strateji inteqrasiya mərhələsinə keçdiyini göstərir. Bu səfər regiondakı enerji geosiyasət, nəqliyyat-kommunikasiya layihələrinin genişlənməsi, müdafiə sənayesi əməkdaşlığı və Avropa ilə Azərbaycanın qarşılıqlı yaxınlaşması baxımından çoxvektorlu xarakterə malikdir.
Azərbaycan bu gün Orta və Şərqi Avropa ölkələri ilə siyasi əlaqələri güclənir. Slovakiya bu yeni xəttin mühüm iştirakçılarından biridir. Bu bir reallıqdır ki, Avropa İttifaqının enerji təhlükəsizliyi konsepsiyası artıq diversifikasiya prinsipinə əsaslanır. Məhz bu amil Azərbaycanı Avropanın enerji tədarükündə əsas aktorlardan birinə çevirib. Azərbaycan qazının Mərkəzi Avropaya çıxışı Slovakiyanın enerji təminatını diversifikasiya etmək baxımından strateji əhəmiyyət daşıyır. Enerji əməkdaşlığı həm də Slovakiyanın regional qaz habına çevrilmə hədəflərinə uyğundur.
- Bu yaxınlarda Avropa İttifaqı (Aİ) və Ermənistan arasında “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” adlı bir “sənəd” imzalandı. Bakı ilə İrəvanın sülh müstəvisində əldə etdiyi razılaşmalar fonunda belə bir addımın atılması nədən xəbər verir?
- Sözsüz ki, Avropa İttifaqı ilə Ermənistan arasında strateji prioritetləri müəyyənləşdirən bu ikitərəfli “sənəddə” Azərbaycanı hədəf alan məsələlərə yer ayrılması qəbuledilməzdir. Bu cür məsələlərin ortaya çıxması Azərbaycan-Avropa İttifaqı münasibətlərinin perspektivlərinə də mənfi təsir edir. Aİ-ı ilə Ermənistan arasında imzalanan sənəddə Azərbaycan tərəfindən təqdim edilmiş reinteqrasiya planından imtina etdikdən sonra ölkəmizdən könüllü şəkildə Ermənistana miqrasiya etmiş erməni sakinlərə istinad edilməsi absurd yanaşmadır. Eyni zamanda “Azərbaycanın hərbi əməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri” ifadəsinin işlədilməsi heç bir məntiqə uyğun gəlmir.
Bu iddiaların Aİ və Ermənistan arasında tərəfdaşlıq prioriteti kimi müəyyən edilməsi da absurddur. Bütün bunlar növbəti dəfə Azərbaycana qarşı qərəzin bariz nümunəsidir. Eyni zamanda Azərbaycanla Ermənistan arasındakı məsələlərin üçüncü tərəflərə şamil edilməsi reallıqdan uzaqdır. Sözsüz ki, bu kimi iddiaların indiki halda ortaya çıxması bu ilin avqustun 8-də Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə Vaşinqtonda paraflanmış sülh sazişinin mahiyyəti ilə zidiyyət təşkil edir. Məhz indiki reallıqda Ermənistan tərəfinin bəyan etdiyi niyyətilə bağlı da ciddi suallar yaranır. İnsanlıq əleyhinə cinayətlər və hərbi cinayətlərdə ittiham olunan və məhkum edilmiş erməni əsilli şəxslərin “əsir” statusunda qeyd edilməsi qəbuledilməzdir.
- Avropa İttifaqının indiki halda belə bir yanaşma ortaya qoyması bölgədəki proseslərə necə təsir edə bilər?
- Təəsüf ki, Avropa İttifaqı ilə Ermənistan arasında əldə edilmiş həmin sənəddə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinə bir dəfə istinad edilməyib. Eyni zamanda Avropa İttifaqının rəsmi təmsilçilərinin yəni, Ermənistan ərazisindəki “missiyasının” növbəti dəfə bölgədə qalmaq vaxtının uzadılması ilə bağlı məsələ də reallıqla uzlaşmır. Azərbaycanla Ermənistan arasında paraflanmış saziş layihəsinin 7-ci maddəsində tərəflərin qarşılıqlı sərhəddə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməməklə bağlı öhdəlik öz əksini tapıb. Bütün bunların əksinə olaraq Avropa İttifaqı Cənubi Qafqazda formalaşan sülh prosesinə öz dəstəyini ifadə etmiş olsa idi bu daha məqbul olardı.