BAKI, 19 may. TELEQRAF

Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Qulu müəllim, akademik Nizami Cəfərovun müsahibəsində “vopşe”, “tak çto”, “znaçit” kimi sözləri dilimizin lüğətinə daxil etməliyik fikri birmənalı qarşılanmayıb. Siz necə düşünürsünüz, dilin lüğət tərkibinə alınma sözləri əlavə etməyə ehtiyac varmı? Bu hal dilin ümumi quruluşuna necə təsir edə bilər?

- Nizami müəllimin müsahibəsi ilə bağlı bəzi məqamlar bəlkə də yersiz-yerə daha çox qabardılır. Onun dediyində iki mühüm məqam var. Çünki bizim istinad etdiyimiz orfoqrafiya lüğəti və sözün ümumi lüğət fondu mövcuddur. Bunu ehtiyat lüğət fondu da adlandırmaq olar. Akademik də məhz onu nəzərdə tutur ki, bu sözləri orada ehtiyat kimi saxlamaq olar.

Sözsüz ki, bu, birmənalı olaraq subyektiv yanaşmadır. Nizami müəllim bizim böyük dilçi alimlərimizdəndir. O dilin işləkliyinin bugünki təcrübəsindən çıxış edir. Təbii ki, buna elmi izah lazımdır. Elmi izah da ondan ibarətdir ki, əgər bu gün biz “uje”, “znaçit” kimi sözləri işlədiriksə, axı ondan başqa digər sözlər də var. Türkcədən aldığımız o qədər sözlər var ki, onu lüğət fonduna yerləşdirməyə ehtiyac yoxdur.

Həmçinin rus dilinin özündən gəlmə başqa sözlər də var ki, onların hamısını lüğət fonduna aid etməliyikmi sualı açıq qalır.

- Alınma sözlərə niyə bu qədər istinad edirik? Bunun səbəbi bir vaxtalar rus dilinin ümumişlək olması ilə izah edilsə də, bu gün Türkiyə türkcəsində olan sözlər də danışıqda istifadə olunur. Çıxış yolu nədən ibarətdir?

- Danışıq məqamında müəyyən çətinliklər yaranır. Belə çətinliklərdə dilin digər işlək sözlərindən istifadə edirik. “Uje”, “znaçit” də bu kateqoriyadan olan sözlərdir. Burada ən yaxşı çıxış yolu həmin sözlərin Azərbaycan dilində qarşılığını tapmaqdır. Ümumiyyətlə, o sözləri də işlətməmək olar. Çünki yad sözlər başqa dilin ifadə tərzidir, onun hazır kalkalarıdır və biz ondan danışıq praktikasında istifadə edə bilmərik.

Nizami müəllimin istinad etdiyi məqam hazırda danışıq dilində bu sözlərin işlək vəziyyətdə olması ilə bağlıdır. Bu da daha çox keçmiş sovet dövrünü yaşamış adamlara aiddir. Yaxşı olardı ki, o sözlər dilimizdə işlənməsin.

- Düşünürsüz ki, danışıqda işlənsə də, o sözlərin dilimizin lüğət tərkibinə qəbul edilməsi mümkün deyil…

- Bu, real təcrübə deyil və dilimizin o sözləri qəbul edəcəyi inandırıcı görünmür. Bəli, danışıqda işlənə bilər. Amma o sözləri ədəbi dilə daxil etmək olmaz. Orfoqrafiya lüğətində o cür sözlərə yer yoxdur.

Biz bu prinsiplə yanaşsaq, gərək o kateqoriyadan olan çoxlu sayda sözləri ədəbi dilimizə əlavə edək. Bu gün sosial şəbəkələrdə həmin sözlərin dilin lüğət tərkibinə əlavə edilməsi müzakirə olunur. Faktiki olaraq, bu gün məhdud və geniş dairədə işlənən xeyli sözlər var ki, qeyri-ciddi şəkildə onların dilə daxil edilməsi təklif edilir. Sözümün canı odur ki, Nizami müəllim danışıq dili praktikasından çıxış edir. Amma heç bir halda bu sözləri ədəbi dilimizə qəbul edə bilmərik.

- Dilimizdə söz qıtlığı ilə bağlı fikirlər səslənir. Doğrudanmı Azərbaycan dilində söz qıtlığı var?

- Azərbaycan dilinin kasıblığı, bəsitliyi, ifadə imkanlarının məhdudluğu barədə deyilənləri qəbul etmirəm. Bizim o qədər gözəl tərcümə əsərlərimiz var. Dünya ədəbiyyatından fəlsəfi, publisistik, siyasi məzmunlu tərcüməsinə baxırsan, əmin olursan ki, bu dil kasad dil deyil. Bəsit olan insan təfəkkürü, düşüncə, ifadə tərzidir. Professor Qorxmaz Quliyevin, sabiq xarici işlər naziri, tərcüməçi Vilayət Quliyevin tərcümələrinə baxanda bu dilin zənginliyini görürük. Eləcə də bir çox mütəfəkkirlərimiz var ki, onların yazısında, danışığında dil çox gözəl ifadə edilir. Ona görə də təfəkkürün inkişafı çox önəmlidir.

- Dildə söz yaradıcılığına münasibətiniz necədir? Dilin ümumi lüğət tərkibinə başqa sözlər daxil olmasın deyə söz yaradıcılığına mühafizəkar yanaşmaq nə dərəcədə məntiqli olar?

- Ona görə də dilin söz yaradıcılığı məsələsində Nizami müəllimi dəstəkləyirəm. Çünki onun dediyində həqiqət odur ki, bizdə ümumiyyətlə söz yaradıcılığı ilə məşğul olan yoxdur. Halbuki bu işlə qələm adamları, yazıçılar, şairlər, dil daşıyıcıları aktiv şəkildə məşğul olmalıdır. Amma təəssüf ki, bu prosesi biz görmürük. Yeni söz yaradıcılığı ümumiyyətlə çox bəsitdir. Hələ də dilimizin lüğət fondunu hazırlaya bilməmişik. Misal üçün, Oksford və digər məşhur lüğətlər kimi lüğət fondu hazırlaya bilsək, ona əlavə sözlər daxil etmək olar. Məsələn, bu gün ingilis dilində 650 mindən çox söz ehtiyatı var. Onun da təxminən yarısı alınma sözlərdir. Bu mənada alınma sözlərdən qorxmaq olmaz. Bu söz dildə ifadə edilirsə, ona normal yanaşmalıyıq. Dahi bəstəkarımız Üzeyir Hacıbəylidən bir nümunə gətirək bilərik. O deyirdi ki, dildə olan milli və ya alınma söz məsələsində, onların hansı fikri gözəl ifadə edirsə, biz onu işlətməliyik. Çünki dil məsələsinə ciddi sədlər qoymaq olmur. Dil canlı orqanizmdir, o bəzən özü-özünü tənzimləyir, yaradır. Nitq, ümumiyyətlə daha aktiv prosesdir. Bu baxımdan məhdudiyyətlər və daha çox sərbəstlik də qorxuludur. Söz yaradıcılığı dilin zənginləşməsinin bir yoludur. Bununla bizim dilçi alimlər və yaradıcı adamlar daha ciddi məşğul olmalıdırlar.