BAKI, 19 dekabr. TELEQRAF
Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömür Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Teleqraf məlumatına görə, mətndə deyilir:
"Möhtərəm cənab Prezident.
Sizi doğum gününüz münasibətilə Hatay Azərbaycan Evi adından səmimi-qəlbdən təbrik edirik.
Sizin rəhbərliyinizlə Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri yazılmış, Vətən müharibəsində əldə olunan şanlı Qələbə xalqın gücünü, iradəsini və birliyini bütün dünyaya nümayiş etdirmişdir.
Bu gün regionda formalaşan yeni siyasi və təhlükəsizlik mühiti, eyni zamanda Azərbaycanın suverenliyinin tam təmin olunması Sizin düşünülmüş, ardıcıl və prinsipial siyasətinizin bariz göstəricisidir.
Sizə möhkəm cansağlığı, tükənməz enerji, Azərbaycanın daha da inkişafına yönəlmiş fəaliyyətinizdə davamlı uğurlar diləyirik. Əminik ki, Sizin liderliyinizlə Azərbaycan qarşıdakı illərdə daha böyük nailiyyətlər əldə edəcək və ölkənin mövqeyi beynəlxalq arenada daha da möhkəmlənəcəkdir.
Fürsətdən istifadə edərək Sizi bütün soydaşlarımızın birliyinin təcəssümü olan 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə də təbrik edirik. Sizin həyata keçirdiyiniz siyasət sayəsində bu həmrəylik daha möhkəm, Azərbaycan diasporu isə daha fəal və məqsədyönlü şəkildə fəaliyyət göstərməkdədir.
Sizə dərin hörmət və ehtiramımızı bildirir, Azərbaycan xalqına və dövlətinə göstərdiyiniz xidmətlərdə davamlı nailiyyətlər arzulayırıq".
***
Həmçinin, Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından da Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Sizi dərin hörmət və ehtiramla salamlayır, doğum gününüz münasibətilə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycan Respublikasının daha da inkişafı üçün fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayırıq.
Bu il 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbənin
5-ci ildönümünü böyük iftixar hissi ilə qeyd etdik. Sizin uzaqgörən siyasətiniz, əzminiz, qətiyyətiniz və xalqın milli birliyi bu möhtəşəm Zəfərin reallaşmasında mühüm rol oynamışdır. Azərbaycan xalqının qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılan bu Qələbə müdrik rəhbərliyinizin parlaq təcəssümüdür.
Sizi, həmçinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2026-cı il münasibətilə də səmimi-qəlbdən təbrik edir, xalqın həmrəyliyinin, milli birliyinin daha da möhkəmlənməsini, ölkənin davamlı şəkildə böyük nailiyyətlər, zəfərlər qazanmasını arzu edirik".