BAKI, 22 dekabr. TELEQRAF
Milli Məclisin sədr müavini Ziyafət Əsgərov Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Ziyafət müəllim, Azərbaycanla Ermənistan arasında sülh müstəvisində atılan addımların prosesin irəli aparılması istiqamətində əhəmiyyətini necə dəyərləndirirsiniz?
- Əslində sülhlə bağlı Azərbaycan tərəfinin ortaya qoyduğu reallıq mövcuddur. Sözsüz ki, sülh sazişinin paraflanması və digər amillər məhz Azərbaycanın təşəbbüsü ilə baş tutan məsələlərdir. Rəsmi Bakı məhz bu addımları ilə sülhün bərqərar olmasında maraqlı olduğunu nümayiş etdirir. Bir müddət öncə Azərbaycan öz ərazisindən Ermənistana taxılın göndərilməsinə razılıq verdi. Bu günlərdə isə Azərbaycan tərəfindən neft məhsulları Ermənistana göndərildi. Bütün bunların gələcək əməkdaşlığın konturları hesab edilir. Rəsmi Bakı bunda maraqlıdır. Nəhayət, Ermənistan tərəfi bunu anlamalı, başa düşməlidir.

- Avropa İttifaqı ilə Ermənistan arasında əldə edilən razılaşmaların sülh prosesinə təsiri necə ola bilər?
- Bu yaxınlarda Avropa İttifaqı ilə Ermənistan arasında imzalanan “sənəddə” əksini tapan məsələlərə heç də birmənalı olaraq yanaşmaq olmaz. Çünki bu “sənəddə” Avropa İttifaqının hiyləgər mövqeyi özünü göstərdi. Sözsüz ki, bu heç də birtərəfli qaydada ortaya çıxan məsələ deyil. Çünki bu “sənədə” Ermənistan tərəfi də imza atıb. Bütün hallarda bu yolverilməz bir hal idi. Əslində bununla Azərbaycanın sülhlə bağlı səmimi mövqeyinə Ermənistan və Avropa İttifaqı öz “yanaşmasını” ortaya qoyub.
.jpg)
- Həmin “sənəddə” əksini tapan məqamlar nədən ibarət idi?
- Ermənistanın bu “sənəddə” əksini tapan məsələlərə öz mövqeyini ifadə etməsi başa düşülən deyil. Baş nazir Nikol Paşinyan Qarabağı Azərbaycan torpağı kimi tanıdığını bəyan edib. Artıq Azərbaycanla Ermənistan arasında sülh sazişi paraflanıb. Amma Ermənistanla Avropa İttifaqı arasında imzalanan “sənəddə” “Qarabağ erməniləri" adlı ifadə əksini tapır. Bu nə deməkdir? Hansı Qarabağ ermənilərindən söhbət gedə bilər? Paşinyan da dəfələrlə etiraf edib ki, ermənilər oradan 2023-cü ilin sentyabrından sonra könüllü şəkildə çıxıb. Üç yüz min azərbaycanlının isə vaxtı ilə indiki Ermənistandan hansı vəziyyətdə qovulduqları isə hər kəsə bəllidir. Əgər Avropa İttifaqı səmimidirsə, Qərbi azərbaycanlıların zorla deportasiyası məsələsini də öz hesabatlarında qeyd etməli idi.
.jpg)
- İrəvanla Aİ-nin istinad etməyə çalışdığı sənədlər hansılardır?
- Azərbaycanla Ermənistan arasında sülh müstəvisində əldə edilən razılaşmaya görə hər iki tərəf qarşılıqlı iddialardan imtina edir. Bu məsələ beynəlxalq məhkəmələrdə olan iddialara da şamil edilir. Amma Avropa İttifaqı ilə Ermənistan arasında imzalanan sənəddə bu mövzunun əks olunması tamamilə əsassızdır. Ona görə də Ermənistan sözün həqiqi mənasında sülhdə maraqlıdırsa, bunu əməldə göstərməlidir. Necə ki, Azərbaycan bunu edir, Ermənistan da eyni yanaşmanı ortaya qoymalıdır. Sözsüz ki, Azərbaycanın sülhlə bağlı mövqeyi tam aydındır.