BAKI, 19 dekabr. TELEQRAF
Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Teleqraf xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Kanadanın Toronto şəhərində fəaliyyət göstərən və Azərbaycan milli musiqisini, mədəni irsini, klassik və müasir incəsənətini yaşadan və dünyaya tanıdan “Baku Production” layihəsinin təsisçiləri olaraq Sizə dərin ehtiram, qürur və minnətdarlıq hissi ilə müraciət edirik.
Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, tükənməz enerji və Azərbaycanı daha parlaq sabahlara aparan yolda böyük uğurlar arzulayırıq.
Son illər Azərbaycan xalqı Sizin rəhbərliyinizlə tarixin ən şərəfli dönəmini yaşayır. Beş il öncə qazanılmış şanlı Zəfər xalqımızın milli yaddaşına əbədi həkk olunmuş, bütün dünyada yaşayan azərbaycanlılara böyük ruh yüksəkliyi, iftixar hissi bəxş etmişdir. Tarixi Zəfərimiz Azərbaycan xalqının əzmini, iradəsini və birliyini bütün dünyaya nümayiş etdirdi. Zəfərin yaratdığı milli ruh və qürur gələcək nəsillərə yol göstərən əbədi bir işıq olacaqdır. Arzu edirik bu Zəfərin işığı daim sönməz olsun, güc və ilham mənbəyi kimi xalqımızı daha böyük zirvələrə aparsın.
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” kimi qeyd olunması dövlətimizin müstəqilliyinin dönməzliyini, milli iradəmizin gücünü və Zəfərdən doğan yeni geosiyasi reallığın möhkəmlənməsini təsdiqləyən böyük bir hadisədir. Biz bu ili yalnız təqvim kimi deyil, həm də ürəklərimizdə, milli kimliyimizi yaşatdığımız bütün mədəni layihələrimizdə qeyd etdik.
Sizin qətiyyətli və uzaqgörən siyasətiniz Azərbaycanı bu gün beynəlxalq arenada öz sözünü inamla deyən, haqqını qoruyan və mədəni irsini fəxrlə təbliğ edən güclü bir dövlətə çevirmişdir. Məhz bu siyasətin nəticəsidir ki, biz - Kanadada yaşayan mədəniyyət təbliğatçıları Azərbaycan incəsənətini, musiqisini, muğamını, xalq mahnılarını müxtəlif icmalara böyük qürurla təqdim edirik.
Əsas məqsədimiz milli musiqimizi, sənət irsimizi qorumaq, gələcək nəsillərə çatdırmaq və Azərbaycanın adını Kanadada ən yüksək səviyyədə təmsil etməkdir. Bu missiyanı yerinə yetirərkən Sizin uğurlu siyasətiniz bizə həm güc, həm motivasiya, həm də istiqamət verir.
Hörmətli cənab Prezident, Sizi, həmçinin 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də ürəkdən təbrik edirik. Yeni ilin Vətənimizə əvvəlki illərdə olduğu kimi, firavanlıq, rifah və davamlı qələbələr gətirməsini diləyirik".
***
Kanadanın Vankuver şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Tamella Severcan da Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq. Sizin rəhbərliyinizlə Azərbaycanın regionda yaratdığı yeni reallıq, qazandığı tarixi nailiyyətlər xaricdə yaşayan azərbaycanlılar üçün böyük iftixar mənbəyidir. Milli həmrəyliyimizin güclənməsi, dövlətimizin daha da inkişafı, beynəlxalq miqyasda nüfuzunun artması ilə bağlı əldə olunan bütün nailiyyətlər birbaşa Sizin möhkəm iradənizin, qətiyyətinizin və uzaqgörən liderliyinizin nəticəsidir. Sizin sayənizdə beş il əvvəl qazanılan tarixi Zəfər bu gün də hər bir azərbaycanlının qəlbində qürur və birlik hissini yaşadır.
Biz, Vətəndən uzaqda yaşayan azərbaycanlılar ölkəmizin uğurları ilə fəxr edirik, Sizin siyasətinizi dəstəkləyirik və hər zaman yanınızdayıq.
Cənab Prezident, Sizi, həmçinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirik. 2026-cı ildə Sizə və ölkəmizə yeni-yeni nailiyyətlər arzulayırıq".