BAKI, 19 dekabr. TELEQRAF

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurası (Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt, Qətər, Misir, Oman, Səudiyyə Ərəbistanı) Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Teleqraf xəbər verir ki, təbrikdə deyilir:

"Möhtərəm cənab Prezident.

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurası adından Sizi doğum gününüz münasibətilə təbrik edirik.

Azərbaycan dövlətinin güclənməsi, xalqımızın rifahının yüksəlməsi, ölkəmizin regional və qlobal proseslərdə aparıcı mövqeyə sahib olması istiqamətində göstərdiyiniz əvəzsiz xidmətlərə görə Sizə ən yüksək ehtiramımızı bildiririk. Sizin müdrik siyasətiniz, uğurlu fəaliyyətiniz bu gün milyonlarla azərbaycanlı üçün qürur mənbəyidir.

Bu il biz Qarabağ Zəfərinin 5 illiyini böyük fərəh hissi ilə qeyd etik.

Beş il öncə Azərbaycanın müasir tarixində yeni bir dövr başlanmış, Sizin qətiyyətli rəhbərliyiniz, Müzəffər Ali Baş Komandan kimi müstəsna siyasi iradəniz və Azərbaycan Ordusunun rəşadəti nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunmuşdur. Qarabağ Zəfəri həm xalqımızın milli iradəsinin, həm də dövlətimizin gücünün parlaq təcəssümüdür. Bu zəfər dünya azərbaycanlıları üçün iftixar mənbəyinə çevrilmiş, Azərbaycanın beynəlxalq mövqelərini daha da möhkəmləndirmişdir.

Sizin rəhbərliyinizlə həyata keçirilən ardıcıl siyasi, diplomatik və hərbi strategiya sayəsində təkcə işğala son qoyulmadı, eyni zamanda bölgədə dayanıqlı inkişaf, sülh və təhlükəsizliyə yeni baxış formalaşdırıldı. Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri məhz Sizin müdrik rəhbərliyinizin nəticəsidir.

Cənab Prezident, Sizi, eyni zamanda, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də təbrik etməkdən şərəf duyuruq. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız bu bayramı Sizin həyata keçirdiyiniz uğurlu diaspor siyasətinin nəticəsi kimi daha böyük birlik, həmrəylik və milli özünüdərk ruhu ilə qeyd edirlər. Biz - Ərəb ölkələrində yaşayan azərbaycanlılar olaraq hər zaman Vətənə bağlılıqla fəaliyyət göstərir, Azərbaycan həqiqətlərinin təbliği, dövlətimizin maraqlarının müdafiəsi və milli birliyin gücləndirilməsi istiqamətində səylərimizi davam etdiririk.

2026-cı ilin Sizin rəhbərliyinizlə Azərbaycan üçün daha böyük nailiyyətlər, zəngin inkişaf perspektivləri və dayanıqlı tərəqqi ili olacağına əminliyimizi ifadə edirik. Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq".
***
İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion da Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirik.

Sizin rəhbərliyinizlə “Konstitusiya və Suverenlik İli” olan 2025-ci il də uğurlarla və qürur mənbəyi olan hadisələrlə zəngin keçdi. Azərbaycan Respublikasının beynəlxalq müstəvidə öz sözünü inamla deməsi, milli maraqların ardıcıl şəkildə müdafiəsi və ölkənin dünya tərəfindən sülhsevər və güclü bir dövlət kimi qəbul olunması məhz Sizin siyasi iradəniz nəticəsində reallaşmışdır.

Vətən müharibəsində qazanılan Zəfərin 5 illiyinin qeyd olunduğu bu il Azərbaycan xalqının yaddaşına bir sıra mühüm uğurlarla həkk olundu. Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlər, müxtəlif ölkələrin dövlət başçıları ilə keçirilən mühüm görüşlər, işğaldan azad olunmuş ərazilərin sosial-iqtisadi inkişafı üçün atılan addımlar və s. bu uğurlara nümunədir.

Diaspor fəaliyyətinin genişləndirilməsi istiqamətində görülən işləri də xüsusi qeyd etmək istərdik. Belə ki, xarici ölkələrdə yaradılan yeni həftəsonu məktəbləri gənclərimizin milli ruhda yetişdirilməsində mühüm rol oynamışdır. Diaspor nümayəndələri və digər qurumlarla birlikdə təşkil olunan mədəni proqramlar və digər tədbirlər müxtəlif xalqların Azərbaycan mədəniyyəti və reallıqları barədə daha dolğun məlumat əldə etməsinə şərait yaratmış, ölkəyə marağı artmışdır. Bütün bunlar məhz Sizin xaricdə yaşayan həmvətənlərlə bağlı siyasətinizin bəhrələridir.

Cənab Prezident, Sizi, həmçinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, 2026-ci ilin də zəfər, sülh, nailiyyət, firavanlıq ili kimi yadda qalmasını diləyirik".
***
İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоv da Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.

“Konstitusiya və Suverenlik İli” olan 2025-ci il mühüm təşəbbüslər və nailiyyətlərlə yadda qalır. Sizin uzaqgörən siyasətiniz, strateji addımlarınız sayəsində Azərbaycan bu gün dünyada öz mövqeyini daha da möhkəmləndirir, milli maraqlarını ardıcıl şəkildə müdafiə edir, güclü və sülhsevər bir dövlət kimi beynəlxalq ictimaiyyətin hörmətini qazanır.

Bu il həm də Zəfər Gününün beşinci ildönümünün qeyd edilməsi ilə əlamətdar oldu və bu, Azərbaycan tarixində yeni bir fəsil açdı.

Bu mühüm tarixə həsr olunmuş tədbirlər, regional sabitliyin və təhlükəsizliyin gücləndirilməsi istiqamətində səyləriniz, Zəngəzur dəhlizinin açılması ilə bağlı görülən işlər, keçirilən beynəlxalq görüşlər və azad edilmiş ərazilərin bərpası üçün həyata keçirilən genişmiqyaslı tədbirlər - bütün bunlar tarixi Qələbənin məntiqi davamıdır.

Xaricdəki Azərbaycan diasporuna göstərilən diqqəti xüsusi qeyd etmək istəyirəm. Yeni həftəsonu məktəblərinin yaradılması gənc nəslin Azərbaycan dilini öyrənməsinə, mədəniyyəti ilə tanış olmasına, eyni zamanda birgə mədəni layihələrin həyata keçirilməsi digər xalqların Azərbaycanın mədəni irsinin zənginliyinin şahidi olmasına imkan yaradır.

Cənab Prezident, Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də təbrik edirəm. Göstərdiyiniz diqqət və qayğıya, həyata keçirdiyiniz uğurlu siyasətə görə Sizə səmimi-qəlbdən təşəkkür edirəm. 2026-cı ilin bütün Azərbaycan üçün daha da uğurlu olmasını arzulayıram".