“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Bölgədə proseslərin yeni rəng almağa başladığı vaxtda xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə getdi. Sizcə, bu səfərdə məqsəd nədir, birlikdə hərəkət edən iki qardaş ölkədən qarşıdakı zamanda hansı addımlar görə bilərik?
- Ceyhun Bayramovun bu səfərini əhəmiyyətli hesab edirəm, buna ehtiyac vardı. Çünki Azərbaycan və Türkiyə strateji müttəfiqdir, ortada bir Şuşa bəyannaməsi var. Strateji müttəfiqlik də onu tələb edir ki, iki ölkə tez-tez məsləhətləşmələr keçirsin. Məsələn, Bakı İrəvanla birbaşa danışıqlar aparır, yazışamalar davam edir.
Bakı bunun təfərrüatlarını müttəfiqi Ankaraya çatdırmalıdır. Ankara da İrəvanla dialoq aparır, bunun da təfərrüatları Bakıya bildirilməlidir. Bu səbəblərdən müttəfiqlər arasında dialoqa xüsusi ehtiyac var. Çünki gələcəkdə bu istiqamətlərdə müxtəlif gəlişmələr ola bilər.
Bakı və Ankara iki istiqamətdə birgə çalışmalıdır, fikir mübadiləsinin əhəmiyyəti həm də bundadır.
Birincisi, Ermənistanı sülhə məcbur etməklə bağlıdır. Sülh üçün Ermənistan konstitusiyasında dəyişiklik etməlidir. Ceyhun Bayramov Ankarada bildirdi ki, Ermənistan konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları var və bunlar çıxarılmalıdır.
İkincisi, sülh müqaviləsinin imzalanması üçün Ermənistanı Azərbaycan və Türkiyəyə qarşı olan bloklardan uzaq tutmaq üçün çalışılmalıdır. Çünki bəzi ölkələr Ermənistanı silahlandırır, bu mərkəzlərin də məqsədləri bölgəni qarışdırmaq və Azərbaycanla Ermənistan arasında lokal da olsa, toqquşmalara şərait yaratmaqdır. Yəni Bakı və Ankara sülh müqaviləsinin imzalanmasının sürətləndirilməsi üçün Ermənistanı anti-türk bloklarından uzaqlaşdırıb regional əməkdaşlığa cəlb etmək üçün addımlar atmalıdır. Məncə, Ankarada bu məsələ ətrafında fikir mübadiləsi aparılıb.
- Proses Ermənistan konstitusiyasının dəyişməsindən başlaya bilərmi?

- Bəli, ilk növbədə, Ermənistan Baş naziri Nikol Paşinyanı konstitusiya dəyişikliyinə məcbur etmək lazımdır. Paşinyan əvvəllər bu haqda danışsa da, bir müddət fasilə verdi. Amma bir neçə gün əvvəl yenidən bu mövzuya qayıtdı, açıq şəkildə bildirdi ki, konstitusiyada ziddiyyətlər var.
Paşinyan başa düşür ki, konstitusiyadan Azərbaycan və Türkiyəyə qarşı bəndləri çıxarmadan sülh müqaviləsini imzalamaq mümkün olmayacaq. Ceyhun Bayramov da Ankarada dedi ki, əslində, bir çox mübahisəli məsələlər həll olunub, sülhə yeganə maneə Ermənistan konstitusiyasıdır. Bu da aradan qaldırılsa, sülh və ya çərçivə sazişinin imzalanması üçün heç bir əngəl qalmayacaq. Buna görə də, Bakı və Ankaranın bundan sonrakı fəaliyyətləri Paşinyanı konstitusiya dəyişikliyinə sövq etmək olacaq.
Paşinyan bunun qarşılığında müəyyən təminatlar istəyə bilər, buna da baxılması mümkündür. Məsələn, təhlükəsizlik və ya başqa təminatlar. Təminatdan deyərkən, Prezident İlham Əliyev artıq bununla bağlı Qafqaz Evi ideyasını irəli sürüb. Türkiyənin də Ermənistana təşviqedici təklifləri var. Məsələn, sərhədlər açılsa, diplomatik münasibətlər qurulacaq, Ermənistan regional layihələrə qoşulacaq, ticarət olacaq və sair. Yəni Ermənistan sülhdən ancaq qazanacaq.
Azərbaycanın da Ermənistana belə təklifləri var. Bu təkliflər Paşinyanı Bakı və Ankaranın tələblərini yerinə yetirməyə sövq etməlidir.
- Yəni Ermənistan konstitusiyasını dəyişənə qədər sülh prosesi olduğu nöqtədə qalacaq?
- Konstitusiya dəyişikliyini qısa vaxtda həyata keçirməkdə çətinlik ola bilər, hazır olmalıdır. Konstitusiyada təkcə bizimlə bağlı yox, digər ziddiyyətli bəndlər də var. Paşinyan bunlara da əl gəzdirmək istəyir. Bunun üçün komissiya yaradılmalıdır, yəni bu, vaxt aparan işdir. Amma Paşinyan Bakı və Ankaraya müəyyən mesajlar versə ki, bu işləri hansı müddətdə görəcək, onda sülh olmasa da, çərçivə sazişi imzalana bilər.
İstəyimiz də budur ki, bu, COP29-un keçiriləcəyi noyabra qədər baş versin. Bundan sonra Ermənistan rəhbərliyi bu tədbirdə iştirak edə bilər. Hesab edirəm ki, bu yöndə danışıqların getməsi mümkündür.
- Xarici işlər nazirlərinin görüşündə Zəngəzur dəhlizi məsələsi də müzakirə olundu. Həm Bayramov, həm də həmkarı Hakan Fidan dəhlizin açılmasının önəminə diqqət çəkdi. Məsələn, Türkiyə bununla bağlı hansı işləri görə bilər? Ermənilər iddia edirlər ki, Ankara təzyiqi artıracaq. Dəhliz məsələsi Türkiyə-Ermənistan normallaşmasında Ankaranın şərti ola bilərmi?
- Əslində, sülh və ya çərçivə sazişi imzalansa, Zəngəzur dəhlizi məsələsini həll etmək daha asan olar. Çünki Bakı və İrəvan artıq dəhliz məsələsini sülh müqaviləsinin mətnindən çıxarıb. Bu o deməkdir ki, hər iki tərəf bu məsələnin qısa müddətdə həllinin mümkün olmadığını anlayır. Ankara da bu reallığı qəbul edir. Bəli, Bakı ilə yanaşı, Ankara da bu dəhlizin işə düşməsini istəyir, amma həm də anlayırlar ki, bunu qısa zamanda həll etmək çətindir. Çərçivə sazişini daha qısa vaxtda imzalamaq olar, nəinki Zəngəzur dəhlizini açmaq. Amma dediyim kimi, sülh və ya çərçivə sazişinin imzalanması dəhlizin açılmasını sürətləndirəcək.
Sülh müqaviləsi o deməkdir ki, sərhədlər açılır, əməkdaşlıq başlayır, diplomatik münasibətlər qurulur və sair. Bu durumda Zəngəzur dəhlizi ilə bağlı danışıqları davam etdirmək daha rahat olacaq. Həmçinin Zəngəzur olmadan da bizim bir dəhlizimiz var, işləyir, yükdaşımalarının həcmi artır, söhbət Bakı-Tiflis-Qars dəmir yolundan gedir.
İranla da Araz dəhlizi ilə bağlı razılaşma var. Məncə, İranın yeni Prezidenti Məsud Pezeşkian da Araz dəhlizi ilə bağlı Türkiyə və Azərbaycanla əməkdaşlığı dərinləşdirməkdə maraqlı olacaq.
- Rusiyanın yenidən bu dəhlizə marağının artması nə ilə əlaqəlidir?
- Rusiya dəhlizi öz nəzarətində saxlamaq istəyir. Rusiya rəsmiləri deyirlər ki, İrəvan 10 noyabr bəyanatı ilə dəhlizə nəzarətin Moskvada olmasına razılıq verib. Paşinyan isə iddia edir ki, ümumiyyətlə, o sənəddə Zəngəzur dəhlizi ifadəsi yoxdur. Rusiyanın yeganə istəyi dəhlizə nəzarət etməkdir. Əslində, bu, təkcə Ermənistan yox, Azərbaycanın da maraqlarına cavab vermir.
Zəngəzur Orta dəhlizin bir hissəsidir. Hətta Orta dəhlizi Türk dəhlizi də adlandıra bilərik. Çünki Çinin Türküstan əyaləti, Mərkəzi Asiya, Azərbaycan və Türkiyə bu xətlə birləşir. Türk dünyasını birləşdirən dəhlizi niyə Rusiyanın nəzarətinə verməliyik?
Əslində, Orta dəhliz Rusiyanın öz dəhlizinə alternativdir. Rusiya bununla həmin xətt üzərində də monopoliya əldə etmək istəyir. Buna görə, Rusiyanın nəzarəti Azərbaycanın da maraqlarına cavab vermir. Məncə, Zəngəzur dəhlizinin sülh sazişinin mətnindən çıxarılması hər iki tərəf üçün faydalı oldu ki, Rusiya bu mənada nə Azərbaycan, nə də Ermənistana təzyiq edə bilsin.
- Ermənistan Baş naziri Nikol Paşinyan Dilicanda xarici ölkələrdəki səfirləri ilə iki gün davam edən toplantı keçirdi. Paşinyan səfirlərə xəbərdarlıq etdi ki, bölgədə ciddi geosiyasi gəlişmələr və Ermənistanın qarşısında duran çağırışlara hazır olsunlar. Söhbət hansı gəlişmələrdən gedir?
- Ehtimal var ki, Paşinyan sentyabrda Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasına dair yekun qərarını verməyə hazırlaşır. Təki belə olsun. ABŞ da İrəvanı başa salmağa çalışır ki, Türkiyə və Azərbaycanla münasibətlərini normallaşdırsan, Rusiyanın təsirindən qurtula, həm də KTMT-ni rahat şəkildə tərk edə biləcəksən. Ola bilsin, Paşinyan səfirlərə o mesajı verir ki, taleyüklü qərarlar verməyə hazırlaşır.
Paşinyan iyulun sonunda sentyabrda hansısa böyük bir toplantı keçirəcəyi ilə bağlı anons vermişdi. Bunu edib-etməyəcəyi başqa məsələdir, məntiqi çatsa, edəcək, məsələyə birdəfəlik son qoyulacaq. Bununla həm Rusiyadan canları qurtaracaq, həm də Azərbaycan və Türkiyə ilə normallaşma prosesləri başlayacaq, biz də Qafqaz Evinin yaradılması istiqamətində ciddi addımlar atmış olarıq.
- Fransa Prezidenti Emmanuel Makron bu mümkün gəlişmələri əsas tutaraq sentyabrda Ermənistana gəlir?
- Aydındır ki, bu gəlişmələr Makronun maraqlarına cavab vermir. Çünki Fransa sadaladığım bütün proseslərdən kənarda qalır. İşin içində Azərbaycan, Ermənistan, Türkiyə, hətta ABŞ da var, müəyyən mənada da Rusiya. Təkcə Fransa yoxdur, oyundankənar vəziyyətdədir.
Fransa və Makron yanlış olaraq düşür ki, Ermənistanla əlaqələr qurmaqla Cənubi Qafqazda varlıqlarını sürdürəcəklər. Bu alınmayacaq, çünki Cənubi Qafqazın əsas dövləti Azərbaycandır, Fransanı da bölgədə nə Bakı, nə də Ankara istəyir.
Belə görünür ki, Makron Paşinyana təsir etməklə prosesə mane olmağa çalışır. Paşinyan da anlamalıdır ki, Fransa Ermənistanı uçuruma aparır. Bu uçurumdan yıxılmaq istəmirlərsə, Makronun əmr və tapşırıqlarını yerinə yetirməsinlər, öz ölkələrinin milli maraqlarından çıxış eləsinlər. Əslində, Ermənistanın təhlükəsizlik maraqları Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasını diktə edir. Yox, yenə də Fransanın əlində alət olmaqda davam edəcəklərsə, onda bölgədə sülh olmayacaq.